YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Maroş Şevçoviç: Avropa Xəzər dənizindən hasil edilən təbii qazın 2019-2020-ci illərdən etibarən nəql olunmasını istəyir

Biz Xəzər dənizindən hasil edilən təbii qazın 2019-2020-ci illərdən etibarən Avropaya nəql olunmasını istəyirik.

Bu sözləri Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti Maroş Şevçoviç Aşqabadda Xəzər dənizindən hasil edilən təbii qazın Avropaya nəql olunması ilə bağlı Türkmənistan, Azərbaycan və Türkiyənin neft-qaz qurumlarının rəhbərlərinin iştirakı ilə keçirilən müzakirələrdə deyib.

Maroş Şevçoviç bildirib ki, “Cənub Qaz Dəhlizi” bizim üçün əhəmiyyətli və strateji layihədir. Bu layihə bizə enerji marşrutlarımızı və mənbələrimizi şaxələndirməyə kömək edəcək.

Onun sözlərinə görə, görüşdə Xəzər dənizi ilə, eləcə də İrandan keçməklə Avropaya təbii qaz kəmərinin tikintisi imkanları müzakirə olunub.

Qeyd edək ki, “Cənub Qaz Dəhlizi”nin seqmentlərini – “Şahdəniz Mərhələ 2”, “Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi”, Trans-Anadolu (TANAP) və “Trans-Adriatik” (TAP) layihələri təşkil edir. Xəzər dənizinin Azərbaycan sektorundakı “Şahdəniz-2” yatağından hasil olunacaq qazı Türkiyəyə və bu ölkədən də Avropaya daşıyacaq 3 min 500 kilometr uzunluğundakı “Cənub” Qaz Dəhlizi dünyada inkişaf etdirilən ən kompleks təbii qaz boru kəmərləri zənciri kimi qiymətləndirilir. Bu dəhlizlə ilkin mərhələdə Türkiyəyə 6 milyard kubmetr, Avropaya isə 10 milyard kubmetr Azərbaycan qazının nəqli planlaşdırılır. Azərbaycan təbii qazının 2019-cu ilədək Türkiyəyə, 2020-ci ilə qədər isə Avropaya çatdırılması planlaşdırılır. Azərbaycanın bu il “Cənub Qaz Dəhlizi” layihəsinə ümumilikdə 2 milyard 809 milyon dollar vəsait sərf etməsi nəzərdə tutulur.