YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan yeni hədəflərə doğru inamla irəliləyir

Samir Baxşiyev

YAP Siyəzən rayon təşkilatının sədri

Prezident İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibədə ona ünvanlanmış, ölkəmizin daxili və xarici siyasətini əhatə edən çoxsaylı sualları cavablandırmışdır. Cənab Prezident müsahibəsi zamanı hər bir suala dolğun və əhatəli şəkildə cavablandırmaqla bir daha Azərbaycanın əldə etdiyi uğurlardan və qarşıya qoyulmuş hədəflərdən bəhs etdi. Xüsusilə müsahibə zamanı ölkə başçısına Azərbaycan-Ermənistan münasibətləri, ölkəmizin xarici siyasətinin prioritetlərini özündə əks etdirən, həmçinin regionda cərəyan edən proseslər, iqtisadi göstəricilər və sosial siyasətlə bağlı çoxsaylı suallar verildi.

Dövlətimizin başçısı müsahibəsində ötən ildə Azərbaycanın uğurlu daxili və xarici siyasətindən bəhs edərək bu istiqamətdə ölkəmizin əldə etdiyi nailiyyətlərə toxunmuş və geridə qalan 2025-ci ilin uğurlu il olduğunu xüsusi vurğuladı. Beynəlxalq arenada ölkəmizin nüfuzunun artdığını qeyd edən ölkə başçısı Azərbaycanın artıq beynəlxalq səviyyəli tədbirlərin əsas ev sahibinə çevrildiyini qeyd etdi. Dövlətimizin uğurlu xarici siyasətindən bəhs edən cənab Prezident xüsusilə Azərbaycan-ABŞ münasibətlərinə toxunaraq qeyd etmişdir ki, hazırda iki dövlət arasında əlaqələr geniş formatda inkişaf etməkdədir. Bütün maneələrə baxmayaraq Azərbaycan öz tərəfdaşlarının sayını artırmaqla qlobal miqyasda öz mövqeyini gücləndirməkdədir.

Azərbaycan – Ermənistan münasibətləri barədə ünvanlanan sualı cavablandıran cənab Prezident xüsusi olaraq vurğuladı ki, 2025-ci il eyni zamanda Azərbaycanla Ermənistan arasında siyasi qarşıdurmanın başa çatdığı il kimi də tarixə düşmüş oldu. Hər iki dövlət başçısının iştirakı ilə Vaşinqtonda imzalanan sənəd regionda təhlükəsizlik və sabitlik üçün olduqca mühüm addımdır. Məhz bunun məntiqi nəticəsidir ki, hər iki dövlət artıq bir neçə aydır ki, sülh şəraitində yaşayır.

Müsahibədə ölkəmizdə elm və təhsilin mövcud vəziyyəti ilə bağlı sualı cavablandıran dövlətimizin başçısı dəyərli və önəmli fikirlər bildirdi. Cənab Prezident Azərbaycanda son illərdə elm və təhsilin inkişafı istiqamətində həyata keçirilən dövlət siyasətindən və bu istiqamətdə aparılan srtruktur islahatlarından bəhs edərək xüsusi vurğuladı ki, “inkişaf etmiş ölkələrin inkişafı ancaq zəka, ağıl, təhsil, elmlə bağlıdır, neftlə, qazla yox”. “Qara qızılı insan kapitalına çevirməliyik” deyən cənab Prezident qeyd etmişdir ki, “indi biz xalqımızın, dövlətimizin gələcəyini onilliklər, yüzilliklər bundan sonra görməyə çalışmalıyıq. Ona görə bu, həddindən artıq vacib sahədir və ümid edirəm ki, aparılan islahatlar yaxşı nəticələrə gətirib çıxaracaq”. Son illərdə ölkəmizdə 10 yeni ali təhsil müəssisəsinin yaradıldığını və istedadlı gənclərin inkişafı istiqamətində həyata keçirilən layihələrdən bəhs edən Prezident İlham Əliyev qeyd etmişdir ki, “Biz düzgün yoldayıq və islahatlar davam etdiriləcək”.

Xüsusi olaraq qeyd etməliyik ki, Prezident İlham Əliyevin yerli televiziyalara verdiyi müsahibə ötən ilin yekunları və qarşıda duran hədəflər baxımından mühüm dövlət mesajı idi. Ölkəmizin əldə etdiyi uğurlar bir daha onu deməyə əsas verir ki, dövlətimizin başçısının rəhbərliyi ilə Azərbaycan yeni hədəflərə doğru inamla irəliləyir.