YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Qorxmaz Hüseynov: Ölkəmizdə mühüm sosial və infrastruktur layihələrinin icrası davam etdirilir

Yanvar-sentyabr aylarında 655 kilometr içməli su, 374 kilometr kanalizasiya xətləri çəkilib.

“Azərsu” ASC-nin mətbuat xidmətindən bildirilib ki, bu barədə “Azərsu” ASC-nin 2016-cı ilin 9 ayı üzrə fəaliyyətinin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclası zamanı deyilib.

“Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov 2016-cı ilin 9 ayı ərzində ölkəmizdə mühüm sosial-iqtisadi tədbirlərin həyata keçirildiyini, makroiqtisadi sabitliyin qorunması və qeyri-neft sektorunun inkişafı istiqamətində ciddi addımlar atıldığını bildirib. ASC sədri qeyd edib ki, qlobal iqtisadi böhranın təsirlərinə baxmayaraq ölkəmizdə mühüm sosial və infrastruktur layihələrinin icrası davam etdirilir. Ötən müddətdə əhalinin içməli su təchizatı və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılması məqsədilə ciddi addımlar atılıb.

2016-cı ilin yanvar-sentyabr aylarında istehlakçılara 217 milyon kubmetr su satılıb, 144 milyon kubmetr həcmində kanalizasiya xidmətləri göstərilib. Hesabat dövründə 655 kilometr içməli su, 374 kilometr kanalizasiya xətləri çəkilib, 4 su anbarı tikilib və 17 subartezian quyusu qazılıb. Görülmüş işlər nəticəsində 135 min nəfər ilk dəfə mərkəzləşdirilmiş qaydada içməli su ilə təmin edilib, 60 min nəfərin su təchizatı fasiləsiz rejimə keçirilib. Bununla da fasiləsiz içməli su ilə təmin olunanların xüsusi çəkisi Bakı şəhərində 80,2 faizə, ölkə üzrə 65 faizə yüksəlib. 9 ay ərzində abonentlərin sayı 1 milyon 402 mini keçib.

“Dövlət başçısının əhalinin 24 saat fasiləsiz və keyfiyyətli içməli su il təmin olunması ilə bağlı tapşırıqlarına uyğun olaraq 2016-cı ilin 9 ayında Bakı şəhəri və Abşeron yarımadasında, eləcə də respublikanın şəhər və rayon mərkəzlərində, kəndlərdə layihələr icra edilib. Ən əlamətdar hadisələrdən biri Qusar şəhərində su və kanalizasiya layihəsinin icrasının yekunlaşması olub. Bununla yanaşı, Şirvan-Muğan qrup su kəmərindən Salyan şəhərinə magistral su xəttinin çəkilməsi, bu mənbədən Şirvan şəhərinə yeni birləşmənin verilməsi mühüm əhəmiyyət kəsb edib”, - deyə Q.Hüseynov vurğulayıb.

Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişaf proqramı çərçivəsində Şamaxı, Beyləqan, Ağdaş, Tərtər şəhərlərində layihələrin icrasının yekunlaşmaq üzrə olduğunu xatırladan ASC sədri Göyçay şəhərində tullantı sutəmizləyici qurğunun tikintisinə başlanıldığını da diqqətə çatdırıb. Ötən müddətdə Balakən rayonunun Hənifə, Quba rayonunun Qəçrəş, Yardımlı rayonunun Vərov və Yolacaq, Ağsu rayonunun Elabad və Yenilik kəndlərində su təchizatı yaxşılaşdırılıb. Masallı rayonunun Muğanlı zonasında yerləşən 5 kənddə içməli su layihəsi həyata keçirilib.

2016-cı ilin ötən dövründə Tarif (qiymət) Şurasının qərarı ilə su təchizatı və tullantı sularının axıdılması tarifləri tənzimlənib, Nazirlər Kabinetinin qərarı ilə “Azərsu” ASC-nin strukturunda dəyişikliklər edilib. İstehlakçılara göstərilən müştəri xidmətlərinin keyfiyyətinin artırılması məqsədilə elektron xidmətlərin sayı 7-yə çatdırılıb, “Azərsu” ASC-nin “ASAN xidmət”də əhatə dairəsi genişlənərək müraciətlərin sayı 19 minə çatıb.

Daha sonra “Azərsu” ASC sədrinin müavini, “Birləşmiş Sukanal” MMC-nin direktoru Etibar Məmmədov, Müştəri xidmətləri departamentinin rəisi Rövşən Kazımov, Texniki istehsalat departamentinin rəisi Aydın Abbasov, “Sumqayıt Sukanal” İdarəsinin rəisi Darvin Hüseynov, Suraxanı rayon Sukanal İdarəsinin rəisi Əbülfəz Kərimzadə hesabat məruzəsi ilə çıxış edərək, müvafiq sahələr üzrə 2016-cı ilin 9 ayında görülmüş işlər barədə ətraflı məlumat veriblər.

“Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov iclasa yekun vuraraq qarşıda duran vəzifələr barədə tapşırıqlar verib. Kənd və qəsəbələrin içməli su təchizatının xüsusi diqqətdə saxlanılacağını bildirən ASC sədri ilkin mərhələdə 45 kənddə layihələrin icra ediləcəyini diqqətə çatdırıb. Su itkilərinin və debitor borcların azaldılması məqsədilə abunəçilərlə işin təkmilləşdirilməsi, içməli sudan qeyri-qanuni istifadə hallarının azaldılması sahəsində ciddi tədbirlərin görülməsinin vacibliyi vurğulanıb.

2017-ci ildə Şollar-Bakı Su Təchizatı Qurğuları Kompleksinin 100 illiyi münasibəti ilə Bakı şəhərində geniş tədbirlərin həyata keçiriləcəyi nəzərə alınaraq yubileyə hazırlıqla bağlı işlərin sürətləndirilməsi barədə tapşırıqlar verilib.

 

DİGƏR Xəbərlər Arxiv