YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Bərdədə məcburi köçkünlərlə görüşüb

Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Herbert Salberin rəhbərlik etdiyi nümayəndə heyəti oktyabrın 27-də Bərdədə 588 məcburi köçkün ailəsi üçün salınan yaşayış məhəlləsində yaradılan şəraitlə tanış olub, məcburi köçkünlərlə görüşüb. Tədbirdə Azərbaycan Respublikası Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov iştirak edib.

Görüşdə məcburi köçkünlər problemlərinin həlli, yaşayış şəraitlərinin yaxşılaşdırılması istiqamətində Azərbaycan dövlətinin həyata keçirdiyi tədbirlərdən razılıqlarını ifadə ediblər. Ağdam rayonundan məcburi köçkün Ziyafət İsmayılov, Xocalıdan olan məcburi köçkün Elman Türbəndiyev, Kəlbəcər rayonundan məcburi köçkün Şakir Camalov və başqaları bildiriblər ki, Azərbaycan dövləti qaçqın və məcburi köçkün həyatı yaşayan vətəndaşlarına daim diqqət və qayğı göstərir. Yaşayış məhəlləsində məcburi köçkünlər üçün hər cür şərait yaradılıb. Ancaq məcburi köçkünlərin ən böyük istəyi öz doğma yurdlarına qayıtmaqdır.

Herbert Salber qeyd edib ki, Azərbaycana dəfələrlə səfər etsə də, Bakıdan kənarda məcburi köçkünlərlə ilk dəfədir görüşür. “Məcburi köçkünlərin həyat şəraiti ilə yaxından tanış olmaq, onların problemlərini dərindən öyrənmək mənim üçün böyük əhəmiyyət kəsb edir”, - deyə xüsusi nümayəndə vurğulayıb.

Sonra qonaqlar yaşayış məhəlləsindəki tam orta məktəbdə və körpələr evi-uşaq bağçasında yaradılan şəraitlə tanış olub, Ağdam rayonundan məcburi köçkün Zərifə Camalovanın mənzilinə baş çəkiblər. Məlumat verilib ki, yaşayış kompleksində 588 mənzil, 640 şagird yerlik məktəb, 140 yerlik uşaq bağçası, ATS və digər inzibati binalar tikilib. Yaşayış məhəlləsi bütün infrastrukturla təmin olunub.

Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov ərazidə məskunlaşan məcburi köçkünlərlə görüşüb, onların təkliflərini dinləyib.

Jurnalistlərlə təəssüratlarını bölüşən Herbert Salber məcburi köçkünlər üçün gözəl şərait yaradıldığını deyib: “Hiss edirəm ki, region böyük narahatlıq doğuran regiondur. Məcburi köçkünlərin şəraitini gözlərimlə gördüm. Səfər nəticəsində ətraflı məlumat əldə edim. Burada lazımi şərait yaradılıb. Məcburi köçkünləri çox gözəl anlayıram. Onların əsas istəyi doğma torpaqlarına qayıtmaqdır”.

Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi bildirib ki, münaqişə sülh yolu ilə həll olunmalıdır. “Biz regionda heç bir hərbi qarşıdurma istəmirik. Çünki hərbi münaqişədən günahsız insanlar, mülki əhali ziyan çəkir. Avropa İttifaqı olaraq münaqişənin sülh yolu ilə həllinə dəstək göstərməyə hazırıq”, – deyə Herbert Salber vurğulayıb.