YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Tahir Budaqov: Görülən tədbirlər iqtisadiyyatın bütün sahələrinin, o cümlədən qeyri-neft sektorunun daha yüksək templərlə inkişafına öz müsbət təsirini göstərəcəkdir

«Prezident İlham Əliyevin Sədrliyi ilə Nazirlər Kabinetinin 2016-cı ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında qeyd edildi ki, bu il çox ciddi iqtisadi islahatlar aparılmış və bu islahatlar artıq öz nəticələrini verməkdədir». Bu fikri yap.org.az saytına müsahibəsində Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov deyib.

T.Budaqov bildirib ki, “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqamətləri”nin təsdiqi və bundan irəli gələn məsələlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 16 mart tarixli, 1897 nömrəli Sərəncamının icrası olaraq hazırlanan iqtisadi inkişaf strategiyası və tədbirlər planı ölkədə aparılan sosial-iqtisadi islahatların davamlılığında mühüm rol oynayacaqdır.

«Bununla yanaşı, ölkənin biznes və investisiya mühitinin əlverişliliyini, yerli və xarici investorlar üçün cəlbediciliyini daha da artırmaq, sahibkarlıq sahəsində son illərdə nail olunmuş sürətli inkişafın davamlılığını təmin etmək və rəqabət qabiliyyətini möhkəmləndirmək, beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyini daha da yaxşılaşdırmaq məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 13 iyul tarixli Sərəncamı ilə müvafiq Komissiya yaradılmışdır və hazırda bu istiqamətdə müvafiq tədbirlər görülür. Eyni zamanda, Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 oktyabr tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurası yaradılmış və Şuranın qarşısına bir sıra mühüm vəzifələr, o cümlədən Birləşmiş Millətlər Təşkilatı tərəfindən təsdiqlənmiş Dayanıqlı İnkişaf Məqsədləri üzrə 2030-cu ilədək Azərbaycan üçün əhəmiyyət kəsb edən, qlobal məqsəd və hədəflərə uyğun milli prioritetləri və onlara dair göstəriciləri müəyyən etmək, ölkədə sosial-iqtisadi sahələri əhatə edən Dövlət proqramlarının və strategiyaların Dayanıqlı İnkişaf Məqsədləri ilə uzlaşdırılmasını təmin etmək, habelə Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunması ilə əlaqədar illik hesabat hazırlamaq kimi mühüm vəzifələr qoyulmuşdur. Hesab edirəm ki, bu sərəncamlar, idarəetmə istiqamətində, digər sahələrdə, ixracı stimullaşdırmaq, idxaldan asılılığı azaltmaq üçün qəbul edilmiş bir çox önəmli qərarlar çərçivəsində görülən tədbirlər iqtisadiyyatın bütün sahələrinin, o cümlədən qeyri-neft sektorunun daha yüksək templərlə inkişafına öz müsbət təsirini göstərəcəkdir»- deyə, T.Budaqov vurğulayıb.