YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

“Jewish Journal” Azərbaycanın müstəqillik illərində qazandığı nailiyyətlər barədə məqalə dərc edib

ABŞ-ın “Jewish Journal” nəşrində Azərbaycan Dağ Yəhudiləri İcmasının rəhbəri Milix Yevdayevin “Müstəqillik günün mübarək, Azərbaycan!” sərlövhəli məqaləsi dərc edilib. Məqalədə Azərbaycanın dövlət müstəqilliyini bərpa etdikdən sonra qazandığı nailiyyətlərdən, dövlətçiliyini möhkəmləndirməsindən, iqtisadiyyatının və geniş əhatəli çoxmədəni, çoxkonfessiyalı cəmiyyətinin inkişafından danışılır.

Müəllif yazır ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin rəhbərliyi altında ölkə qeyri-sabitlikdən, dağıdılmış büdcə və infrastrukturdan xilas olub ki, bu, Azərbaycanın regionun ən böyük iqtisadiyyata malik sabit dövlətinə çevrilməsi ilə nəticələnib. Heydər Əliyevin uğurlarının əsas amilləri sahibkarlıq imkanlarının genişləndirilməsi, Azərbaycanın uzunmüddətli enerji strategiyasının müəyyən edilməsi və reallaşdırılması, ticarətin inkişafı, multikulturalizmin təşviqi, region ölkələri, həmçinin Avropa, ABŞ və İsrail ilə sıx münasibətlərin qurulması olub.

M.Yevdayev yazır ki, bu siyasi kursu davam etdirən Prezident İlham Əliyev dövlətin sabitliyinin möhkəmləndirilməsi və ölkənin iqtisadi yüksəlişi üçün böyük qüvvə sərf edib. Bunu Azərbaycanda yoxsulluq səviyyəsinin 2001-ci ildə 50 faizdən 2016-cı ildə 5 faizə enməsi təsdiqləyir. Bütün bunlar isə Ermənistan tərəfindən Azərbaycanın Qarabağ regionuna təcavüzün davam etməsi, habelə Ermənistanın azərbaycanlılara qarşı apardığı amansız etnik təmizləmə siyasəti nəticəsində Azərbaycanda bir milyon qaçqın və məcburi köçkün ordusunun yaranması şəraitində baş verib.

Müəllif müstəqillik illərində ölkənin qazandığı nailiyyətlərdən bəhs edərək oxucunun diqqətini, həmçinin Azərbaycanın tolerantlıq və multikulturalizm ənənələrinə yönəldir. Bu dəyərlər xalqın iradəsində və ədalət tərəfdarı olmasında, on minlərlə yəhudinin nasistlərin təqibindən qaçaraq Azərbaycanda sığınacaq tapmasında özünü göstərir. Azərbaycan, həmçinin ABŞ-da baş verən 11 sentyabr terror hücumlarından sonra terrorizmə qarşı mübarizədə Birləşmiş Ştatlara və digər ölkələrə hərbi və logistik dəstək göstərən ilk dövlətlərdən biri olub. M.Yevdayev onu da qeyd edir ki, bu dəyərlər 1918-1920-ci illər Azərbaycan Xalq Cümhuriyyətinin dövlətçilik ənənələrinə əsaslanır.

 

DİGƏR Xəbərlər Arxiv