YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Əbu-Dabidə Azərbaycanın ötən 25 ildə əldə etdiyi nailiyyətlərdən danışılıb

Azərbaycanın Birləşmiş Ərəb Əmirliklərindəki (BƏƏ) səfirliyinin və Dubaydakı baş konsulluğunun birgə təşkilatçılığı ilə dövlət müstəqilliyimizin bərpasının 25-ci ildönümünə həsr olunan tədbir keçirilib.

Səfirliyin və baş konsulluğun əməkdaşlarının, Azərbaycan icmasının fəal üzvlərinin və BƏƏ Prezident Divanının İşləri Nazirliyinin rəsmisi Abdullah Əl-Casimin iştirakı ilə keçirilən tədbiri açan səfir Daşqın Şikarov Azərbaycan xalqının 1918-1920-ci illərdə Şərqdə ilk demokratik quruluşlu müstəqil respublika yaratmağa nail olduğunu söyləyib. O, xalqımızın 70 illik sovet hakimiyyətindən sonra müstəqilliyə yenidən qovuşduğunu və 1991-ci il oktyabrın 18-də “Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı”nın qəbul olunduğunu bildirib.

Müstəqilliyimizin ilk illərinin çətinliklərindən bəhs edən səfir o vaxtkı xaos və böhranlı vəziyyətdən danışıb, yaranmış faciəvi durumun qarşısının alınmasının yalnız və yalnız ümummilli lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə siyasi hakimiyyətə qayıdışı sayəsində mümkün olduğunu vurğulayıb. Həmin əlamətdar tarixin xalqımızın yaddaşına Milli Qurtuluş Günü kimi həkk olduğunu bildirən səfir Ulu Öndərin həmin tarixdən sonrakı gərgin siyasi və diplomatik fəaliyyəti və bu fəaliyyətdən irəli gələn mühüm nəticələr barədə söhbət açıb. Bildirib ki, məhz Ümummilli Liderin yorulmaz səyləri nəticəsində Ermənistanın hərbi təcavüzünün qarşısı alındı, uğurlu enerji strategiyası hazırlandı, bu strategiya çərçivəsində beynəlxalq neft şirkətləri konsorsiumu ilə “Əsrin kontraktı” imzalandı, geniş siyasi, iqtisadi və sosial islahatlara start verildi, ölkədə hərtərəfli əmin-amanlıq və sabitlik bərqərar oldu və vətəndaşların rifahı yaxşılaşmağa başladı.

Diplomat ulu öndər Heydər Əliyevin layiqli davamçısı Prezident İlham Əliyevin 2003-cü ildən bəri gördüyü işlərə nəzər salaraq, son 13 il ərzində iqtisadi, sosial və enerji sahələrində əldə olunan nailiyyətlərə toxunub, bu gün Azərbaycan rəhbərliyinin siyasi iradəsi sayəsində regionda nəhəng qlobal enerji və nəqliyyat layihələrinin reallaşdığını qeyd edib.

D.Şikarov ötən 25 il ərzində digər sahələrdə də qazanılan uğurlardan söhbət açaraq, ölkəmizin həmin sahələrdə dünya miqyasındakı yüksək imicinə məhz Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın müstəsna əməyinin hesabına nail olunduğunu vurğulayıb, respublikamızda təşkil edilmiş beynəlxalq əhəmiyyətli idman, incəsənət, humanitar və mədəniyyət tədbirlərini qeyd edib.

Tədbirdə çıxış edən baş konsul Pərviz İsmayılzadə Azərbaycan xalqının XX yüzillikdə ikinci dəfə müstəqillik bayrağını ucaltmağa nail olduğunu xatırlayaraq, 1990-cı illərin əvvəllərində ölkəmizdə yaşanan kabusla bağlı acı xatırələrini bölüşüb. Vurğulayıb ki, 1991-ci il oktyabrın 18-də “Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı” qəbul olunsa da, respublikada hökm sürən və dövlət çevrilişi nəticəsində dərinləşən böhranlı vəziyyət insanlarda qorxu və vahimə yaradıb. Müdrik xalqımızın nicat yolunu böyük siyasi və həyat təcrübəsi ilə SSRİ dövründə yüksək postlar tutmuş və öz xalqına sədaqətlə xidmət etmiş dahi Heydər Əliyevdə gördüyünü qeyd edən baş konsul 1993-cü il iyunun 15-nin müasir tariximizə Qurtuluş Günü kimi daxil olduğunu söyləyib.

Baş konsul bu gün müstəqil Azərbaycanın əmin və təcrübəli əllərdə olduğunu vurğulayaraq tədbir iştirakçılarının diqqətinə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Ümummilli Liderin müəyyən etdiyi siyasi xətt çərçivəsində xalqımızın rifahının daha da yaxşılaşdırılması, dövlətçiliyimizin əsaslarının daha da möhkəmləndirilməsi və ölkəmizin beynəlxalq aləmdəki nüfuzunun daha da artırılması istiqamətində əldə etdiyi müvəffəqiyyətlərdən bəhs edib. Bu müvəffəqiyyətlərin qazanılmasında Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın xidmətləri qeyd edilib.

Tədbirdə vurğulanıb ki, regionumuza yaxın bölgələrdə cərəyan edən, insanlara fəlakətlər gətirən və sonu görünməyən xaos fonunda böyük itkilər bahasına bərpa edilən dövlət müstəqilliyinin qorunması hər bir azərbaycanlının mənəvi borcudur.

 

DİGƏR Xəbərlər Arxiv