YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

“Azərbaycan Respublikasının tarixi” ikicildliyi təqdim edildi

Prezident Kitabxanasında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunun nəşri olan “Azərbaycan Respublikasının tarixi” ikicildliyinin təqdimat mərasimi keçirilib.

Tarix İnstitutunun Elmi Şurasının qərarı ilə çap olunmuş, “Azərbaycan Respublikasının tarixi” ikicildliyi dövlət müstəqilliyimizin bərpasının iyirmi beşinci ildönümünə həsr olunan əsərin elmi məsləhətçisi AMEA-nın prezidenti, akademik Akif Əlizadə, elmi redaktoru isə AMEA-nın müxbir üzvü Yaqub Mahmudovdur.

Tədbiri giriş sözü ilə açan Prezident Kitabxanasının direktoru Mayıl Əhmədov qeyd edib ki, “Azərbaycan Respublikasının tarixi” fundamental elmi araşdırma olmaqla müstəqil Azərbaycanın elmi həyatında mühüm hadisədir.

Prezident Administrasiyasının (PA) İctimai-siyasi məsələlər şöbəsinin müdir müavini Ərəstun Mehdiyev bildirib ki, “Azərbaycan Respublikasının tarixi” ikicildliyi Azərbaycan dövlət müstəqilliyinin 25 illiyinə qiymətli hədiyyədir.

Tarix İnstitutunun direktoru Yaqub Mahmudov bildirib ki, geniş tədqiqatçılar heyəti tərəfindən yazılmış bu əsər Azərbaycanın müstəqillik dövrü tarixinin akademik səviyyədə araşdırılması yolunda ilk təşəbbüsdür. Əsərin 1-ci cildi 1991-2003-cü illəri, daha doğrusu tariximizin Heydər Əliyev dövrünü, 2-ci cildi isə 2003-2016-cı illəri – Prezident İlham Əliyevin başçılığı ilə əldə olunmuş tarixi nailiyyətləri və ölkədə aparılan böyük quruculuq, abadlıq illərini əhatə edir.

Y.Mahmudov əlavə edib ki, 1-ci cilddə 1991-ci ildə Azərbaycan dövlətçiliyinin bərpası, bütövlükdə, xalqımızın qədim dövlətçilik ənənələrinin dirçəlişi kimi qiymətləndirilir:

"Bu məsələnin araşdırılmasına ayrıca fəsil həsr olunub. Cilddə itirilmək təhlükəsi ilə üz-üzə qalmış Azərbaycan dövlətçiliyini xilas etmək üçün Heydər Əliyevin başçılıq etdiyi Qurtuluş Hərəkatına geniş yer verilib. 2-ci cilddə isə 2003-2016-cı illərdə ölkədə aparılmış geniş islahatlar proqramının icrasına, böyük quruculuq və abadlıq işlərinə, xarici siyasət sahəsində əldə olunmuş uğurlara, Heydər Əliyev Fondunun fəaliyyətinə ayrı-ayrılıqda fəsillər həsr olunub. “Azərbaycan Respublikasının tarixi” ikicildliyinin materialları müasir tarix üzrə mütəxəssis olan tanınmış tarixçi-alimlər tərəfindən yazılmış, hər iki cilddə Müstəqil Azərbaycanın xarici siyasətinə dair fəsillərin müəllifi isə bu sahənin görkəmli mütəxəssisi professor Əli Həsənovdur".

Daha sonra tədbirdə tarixçi-alimlər Cəbi Bəhramov, Ədalət Qasımov, Leyla Hüseynova, Elçin Əhmədov, İlqar Niftəliyev və başqaları çıxış ediblər.