YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan ilə Özbəkistan arasında hərbi əməkdaşlığın perspektivləri müzakirə edilib

Özbəkistan Respublikasında səfərdə olan Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənov oktyabrın 5-də bu ölkənin müdafiə naziri, general-polkovnik Kabul Berdiyev ilə görüşüb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, Azərbaycan-Özbəkistan əməkdaşlığının möhkəm dostluq üzərində qurulduğunu və bu əlaqələrin daim genişləndiyini xüsusi qeyd edən Z.Həsənov ölkələrimiz arasında müxtəlif istiqamətlərdə, o cümlədən müdafiə sahəsində işbirliyinin daha da inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.

Regiondakı hərbi-siyasi vəziyyət barədə Özbəkistan tərəfinə məlumat verilərkən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin bölgədə təhlükəsizliyə və sabitliyə əsas təhdid olduğu qeyd edilib. Bu münaqişənin beynəlxalq hüququn normaları və prinsipləri çərçivəsində, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun həll olunmasının vacibliyi diqqətə çatdırılıb. Həmçinin münaqişə ilə bağlı status-kvo qəbuledilməzliyi qeyd olunub.

Nazir K.Berdiyev dövlətlərimizin əlaqələrinin möhkəm tarixi təmələ və mehriban qardaşlıq münasibətlərinə əsaslandığını, Özbəkistanın və Azərbaycanın vacib tərəfdaşlar olduqlarını vurğulayıb. O, ölkəsinin Azərbaycan ilə bütün istiqamətlərdə, o cümlədən hərbi sahədə əməkdaşlığa mühüm əhəmiyyət verdiyini deyib.

Görüşdə Azərbaycan ilə Özbəkistan arasında hərbi, hərbi-texniki, hərbi təhsil sahələrində əməkdaşlığın perspektivləri, o cümlədən təcrübə mübadiləsi və qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə olunub.

Səfər çərçivəsində Müdafiə Nazirliyinin nümayəndə heyəti Özbəkistan Respublikası Silahlı Qüvvələrinin Akademiyası və Daşkənd Ali Ümumqoşun Komandirlər Məktəbini də ziyarət edib.