YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Beyləqanda «Yeni Azərbaycan» referendum üzrə təşviqat qrupunun seçicilərlə görüşləri keçirildi

Sentyabrın 23-də Beyləqanda  «Yeni Azərbaycan» referendum üzrə təşviqat qrupunun Azərbaycan Respublikasının Konstitusiyasına nəzərdə tutulan əlavə və dəyişikliklərlə bağlı həm ilk dəfə səs verən seçicilərlə, həm də ənənəvi seçicilərlə ayrı-ayrılıqda görüşləri keçirildi.

Hər iki görüşü giriş sözü ilə açan YAP Beyləqan rayon təşkilatının sədri Rəfael Pəsiyev bildirdi ki, Konstitusiyaya dəyişikliklər Azərbaycanda demokratik proseslərin daha da sürətlənməsinə yardım edəcəkdir: «Dəyişikliklər insan haqlarının qorunmasına, Azərbaycanda idarəçilik sisteminin möhkəmlənməsinə yeni imkanlar açacaq. Dünyada və regionda gedən proseslər tələb edir ki, Konstitusiyada vacib olan dəyişikliklər edilsin. Yəni, təqdim olunan Konstitusiya dəyişikliyi zərurətdən irəli gəlib və yeni inkişaflara hüquqi əsaslar yaradacaqdır»

Görüşlərdə çıxış edən  «Yeni Azərbaycan» referendum üzrə təşviqat qrupunun səlahiyyətli nümayəndəsi,  Milli Məclisin deputatı Şahin İsmayılov bildirdi ki, dövlətimizin başçısının Azərbaycan Konstitusiyasına dəyişiklik təşəbbüsü ilə çıxış etməsi ölkənin daha dinamik inkişafı, sosial-iqtisadi rifahın təminatlı yüksəlişi, insan hüquqlarına hörmət prinsipinin möhkəmləndirilməsi istiqamətində atılmış növbəti addımdır. Ölkə başçısının təşəbbüslərinin təhlili göstərir ki, onlar dövlət idarəçiliyinin çevikliyini əhəmiyyətli dərəcədə artıracaq, Azərbaycanın qarşısında duran siyasi, iqtisadi və sosial prioritetlərə daha səmərəli çatılmasını təmin edəcək.
Dünya təcrübəsi aydın sübut edir ki, vitse-prezidentlik institutu dövlət idarəçiliyinin səmərəliliyinə və çevikliyinə xidmət edən əsas amillərdən biridir. Azərbaycan Respublikası Prezidentinin səlahiyyət müddətinin yeddi ilədək artırılması təcrübəsi hazırda dünya miqyasında geniş tətbiq edilməkdədir. Ölkəmizin hazırkı dinamik inkişafı mərhələsində qarşıda duran böyük ideyaların reallaşdırılması üçün prezidentin səlahiyyət müddətinin artırılması zamanın tələbi kimi nəzərdən keçirilməlidir. Azərbaycan Respublikasında Prezidentin səlahiyyət müddətinin 5 ildən 7 ilədək uzadılması digər pozitiv tərəfləri ilə yanaşı, milli iqtisadiyyatın daha yüksək templə inkişafını təmin edəcək uzunmüddətli dərin islahatların həyata keçirilməsi baxımından da olduqca əhəmiyyətlidir.
Şahin İsmayılov seçiciləri daha fəal olmağa və Konstitusiya dəyişikliklərini  dəstəkləməyə səslədi. O əmin olduğunu bildirdi ki, beyləqanlılar Konstitusiya islahatlarına yekdilliklə «hə» deyəcəklər.

Hər iki görüşdə çıxış edən seçicilər təklif olunan dəyişikliklərin yeni inkişaflara və uğurlara zəmin yaradacağını ifadə edərək  Konstitusiya islahatlarına yekdilliklə səs verəcəklərini söylədilər.