YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

“Yeni Azərbaycan” təşviqat qrupunun Samux rayon şöbəsi təbliğat-təşviqat kampaniyası çərçivəsində seçicilərlə növbəti görüş keçirib

Sentyabrın 23-də “Yeni Azərbaycan” təşviqat qrupunun Samux rayon  şöbəsi təbliğat-təşviqat kampaniyası çərçivəsində seçicilərlə növbəti görüş keçirib. Görüşü giriş sözü ilə açan “Yeni Azərbaycan” təşviqat qrupunun Samux rayon şöbəsinin rəhbəri, Yeni Azərbaycan Partiyası Samux rayon təşkilatının sədri Gündüz Bayramov Referendum Aktı layihəsi haqqında məlumat verib. Diqqətə çatdırıb ki, “Yeni Azərbaycan” təşviqat qrupunun Samux rayon  şöbəsi bu prosesdə öz üzərinə düşən vəzifələri layiqincə yerinə yetirir. G.Bayramov  əmin olduğunu bildirib ki, seçicilər ölkəmizin inkişafına xidmət edən Konstitusiya islahatlarını dəstəkləyir, Əsas Qanuna əlavə və dəyişikliklərin edilməsi müsbət qarşılanır: “Seçicilər görüşlər zamanı bu dəyişikliklərə öz müsbət münasibətlərini ifadə edir, islahatların xalqın və dövlətin maraqlarına xidmət etdiyini əminliklə söyləyirlər”.

Daha sonra çıxış edən “Yeni Azərbaycan” təşviqat qrupunun səlahiyyətli nümayəndəsi, Azərbaycan Texnologiya Universitetinin İctimai elmlər və multikulturalizm kafedrasının dosenti Hüseyn Budaqov bildirib ki, Konstitusiya islahatları milli inkişafa və dövlətin qüdrətinin artmasına xidmət edir. Onun sözlərinə görə, təklif olunan əlavə və dəyişikliklər hüquqların etibarlı təminatçısı olacaq, idarəetmə sisteminin daha da təkmilləşməsinə mühüm töhfələr verəcək.

Gəncə Dövlət Universitetinin Azərbaycan tarixi kafedrasının dosenti, Cavid Bağırzadə isə çıxışında deyib ki, Konstitusiyaya əlavə və dəyişikliklərlə əlaqədar ümumxalq səsverməsinin - referendumun keçirilməsi məhz ölkəmizdə müxtəlif sahələri əhatə edən islahatların məntiqi davamıdır: “Əminliklə söyləmək olar ki, Konstitusiya dəyişiklikləri inkişafa, sabitliyə və bütövlükdə, ölkənin gələcəyinə xidmət edir”.

Tədbirdə çıxış edən seçicilər Konstitusiya islahatlarını dəstəklədiklərini vurğulayıblar.