YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

"Yeni Azərbaycan" təşviqat qrupunun Zərdab rayon şöbəsi qadın seçicilərlə görüşü keçirilib

Referenedum üzrə "Yeni Azərbaycan" təşviqat qrupunun Zərdab rayon şöbəsi qadın seçicilərlə görüşü keçirilib.

Tədbiri giriş sözü ilə açan Yeni Azərbaycan Partiyası Zərdab rayon təşkilatının sədri, "Yeni Azərbaycan" Təşviqat Qrupunun Zərdab rayon şöbəsinin rəhbəri Pərvin Mahmudova Konstitusiyaya təklif olunan əlavə və dəyişikliklərlə bağlı fikirlərini bildirib. P.Mahmudova onu da vurğulayıb ki, Konstitusiyaya təklif edilən əlavə və dəyişikliklər daha dinamik inkişafı hədəfləyir və zamanın tələbidir: "İnanıram ki, bütün siyasi proseslərdə öncül sıranı tutan Zərdab seçiciləri bu dəfə də Azərbaycan dövlətinin güclənməsinə, daha effektiv idarəçiliyin formalaşdırılmasına, insan hüquq və azadlıqlarının daha da genişləndirilməsinə, bir sözlə, referenduma çıxarılan əlavə və dəyişikliklərin lehinə səs verəcək. Bütün seçiciləri, o cümlədən qadın seçiciləri sentyabrın 26-da keçirilən referendumda aktiv iştirak etməyə çağırıram".

 Görüşdə çıxış edən "Yeni Azərbaycan" təşviqat qrupunun səlahiyyətli nümayəndəsi, Milli Məclisin deputatı Jalə Əliyeva Azərbaycan qadınlarının cəmiyyətin aparıcı qüvvələrindən biri olduğunu deyib. J.Əliyeva bildirib ki, qadınlar dövlət idarəçiliyində təmsil olunmaqla yanaşı, ölkənin ictimai-siyasi həyatında fəal iştirak edirlər. Ölkəmizin çox ciddi hüquqi-siyasi hadisə ərəfəsində olduğunu deyən səlahiyyətli nümayəndə qeyd edib ki, Konstitusiya dəyişiklikləri Azərbaycanın gələcəyi, ölkəmizdə idarəetmənin keyfiyyətcə yeni mərhələyə daşınması, insan hüquqlarının daha yaxşı təmin olunması, milli və dövlət təhlükəsizliyi baxımından olduqca əhəmiyyətlidir. Bu dəyişikliklərdə hər bir vətəndaşı maraqlandıran və onun istəklərinə cavab verən müddəalar var.

 Görüşdə YAP Zərdab rayon təşkilatı qadınlar şurasının sədri Xəyalə Veyisova, Zərdab rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Nailə Əliyeva və digərləri qeyd ediblər ki, qadınlar cəmiyyət həyatının bütün sahələrində fəal iştirak etməklə öz bilik və bacarıqlarını ölkəmizin daha da çiçəklənməsinə sərf edirlər. Əminliklə vurğulanıb ki, onlar bütün seçkilərdə olduğu kimi, 26 sentyabr tarixində keçiriləcək referendumda da fəal iştirak edəcək, seçki məntəqələrinə gedərək Konstitusiya dəyişikliklərinə "HƏ" deyəcəklər.