YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

"Yeni Azərbaycan" referendum üzrə təşviqat qrupunun Ağdam rayon şöbəsi Quzanlı qəsəbəsində seçicilərlə görüş keçirdi

Sentyabrın 21-də Ağdam rayonunun Quzanlı qəsəbəsindəki Musiqi Kollecində "Yeni Azərbaycan" referendum üzrə təşviqat qrupunun seçicilərlə görüşü keçirildi.

Görüşdə "Yeni Azərbaycan" referendum üzrə təşviqat qrupunun səlahiyyətli nümayəndəsi, Milli Məclisin deputatı, "Azərbaycan" qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov, Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, "Yeni Azərbaycan" referendum üzrə təşviqat qrupunun səlahiyyətli nümayəndəsi, "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, Milli Məclisin deputatı Bəxtiyar Əliyev iştirak edirdilər.

Tədbiri giriş sözü ilə açan YAP Ağdam rayon təşkilatı sədrinin vəzifəsini müvəqqəti icra edən Zülfü Qasımov sentyabrın 26-da keçiriləcək referendumla bağlı seçicilərə ətraflı məlumat verdi. Z.Qasımov əmin olduğunu söylədi ki, ölkə vətəndaşları sentyabrın 26-da Referendum Aktının layihəsinə səs verəcəklər.

"Yeni Azərbaycan" referendum üzrə təşviqat qrupunun səlahiyyətli nümayəndəsi, Milli Məclisin deputatı, "Azərbaycan" qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov vurğuladı ki, Konstitusiyaya təklif olunan dəyişikliklər Azərbaycan xalqının rifahına xidmət edir: «Konstitusiyaya təklif olunan əlavə və dəyişikliklər siyasi sistemin daha da möhkəmləndirilməsi ilə yanaşı, müasir çağırışlara cavab verən idarəetmə modelini də yaratmış olacaq.» B.Sadıqov ölkəmizdə keçiriləcək referendumun Azərbaycanın siyasi həyatında və demokratiyanın inkişafında vacib rol oynadığını seçicilərin diqqətinə çatdıraraq onları 26 sentyabr 2016-cı il tarixində keçiriləcək ümumxalq səsverməsi zamanı Konstitusiyaya təklif olunan əlavə və dəyişikliklərə «hə» deməyə çağırdı.

Görüşdə "Yeni Azərbaycan" referendum üzrə təşviqat qrupunun səlahiyyətli nümayəndəsi, "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə Konstitusiyaya nəzərdə tutulan əlavə və dəyişikliklərin tarixi zəruriliyindən danışdı. Ölkəmizin çox ciddi hüquqi-siyasi hadisə ərəfəsində olduğunu deyən V.Rəhimzadə qeyd etdi ki, Konstitusiya dəyişiklikləri Azərbaycanın gələcəyi, ölkəmizdə idarəetmənin keyfiyyətcə yeni mərhələyə daşınması, insan hüquqlarının daha yaxşı təmin olunması, milli və dövlət təhlükəsizliyi baxımından olduqca əhəmiyyətlidir: «Bu dəyişikliklərdə hər bir vətəndaşı maraqlandıran və onun istəklərinə cavab verən müddəalar var.» Konstitusiya islahatları ilə bağlı təşəbbüsün ölkə Prezidenti İlham Əliyev tərəfindən irəli sürüldüyünü xatırladan "Yeni Azərbaycan" referendum üzrə təşviqat qrupunun səlahiyyətli nümayəndəsi V.Rəhimzadə ağdamlıları bu dəyişikliklərə səs verməyə çağırdı: «Əminəm ki, hər bir Azərbaycan vətəndaşı kimi, ağdamlılar da bu seçkilərdə aktiv iştirak edəcək və irəli sürülən təklifləri dəstəkləyərək bir daha cənab Prezident İlham Əliyevin ətrafında sıx birləşdiyinizi nümayiş etdirəcəksiniz.»

Görüşdə Milli Məclisin deputatı Bəxtiyar Əliyev çıxış edərək 26 sentyabr referendumunda Konstitusiyaya təklif edilən əlavə və dəyişikliklər barədə seçicilərə geniş məlumat verdi. B.Əliyev vurğuladı ki, bu əlavə və dəyişikliklər zamanın tələbidir: «Təklif edilən bütün əlavə və dəyişikliklər gələcəyimizə istiqamətlənib. Hazırda ölkəmiz yüksəliş dövrünü yaşayır. Biz gələcəyimizi düşünməliyik və sözügedən dəyişikliklər Azərbaycanın daha da inkişafına şərait yaradacaq. Düşünürəm ki, Ağdam seçiciləri bu dəfə də xüsusi fəallıq göstərəcək, Konstitusiyaya təklif edilən əlavə və dəyişikliklərə səs verəcəklər.» 

Tədbirdə çıxış edən seçicilər hər zaman ölkə Prezidentinin yürütdüyü siyasi kursu dəstəklədiklərini bildirdilər və sentyabrın 26-da keçiriləcək ümumxalq səsverməsində fəal olacaqlarını söylədilər.