YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan regionda Avstriya üçün mühüm əhəmiyyətə malik ən böyük iqtisadi tərəfdaşdır

Sentyabrın 21-də xarici işlər nazirinin müavini Xələf Xələfov Avstriyanın Federal Avropa, inteqrasiya və xarici işlər nazirinin müavini Mixael Linhartın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, görüşdə nazir müavini Xələf Xələfov Azərbaycan-Avstriya münasibətlərinin müsbət dinamikaya malik olduğunu diqqətə çatdıraraq, iki ölkə arasında siyasi dialoqun intensiv xarakter daşıdığını vurğulayıb. Avstriya nümayəndə heyətinin səfərinin ikitərəfli münasibətlərin inkişafına töhfə verəcəyinə ümidvar olduğunu qeyd edən Xələf Xələfov əməkdaşlığın daha da genişləndirilməsi üçün əlverişli imkan olduğunu bildirib. Ticari-iqtisadi, mədəniyyət, humanitar və digər sahələrdə əlaqələrin inkişaf tempindən məmnunluq ifadə edən nazir müavini Avstriyada Azərbaycan mədəniyyət mərkəzinin fəaliyyətinin əhəmiyyətini vurğulayıb. Beynəlxalq təşkilatlar çərçivəsində, həmçinin beynəlxalq terrorizmə qarşı mübarizədə iki ölkənin yaxından əməkdaşlıq etdiyini bildirib. Hər iki ölkədə məskunlaşmış Azərbaycan və Avstriya diasporunun fəaliyyətinə toxunan nazir müavini diasporların ikitərəfli əlaqələrin inkişafında rolunun gələcəkdə daha da artacağına əminliyini ifadə edib.

Müxtəlif sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi, habelə gündəlikdə duran məsələlərin nəzərdən keçirilməsi baxımından Azərbaycan-Avstriya Hökumətlərarası Komissiyasının əhəmiyyətini qeyd edən Xələf Xələfov Azərbaycan-Avstriya Ticarət Palatasının fəaliyyətinin gücləndirilməsinin vacibliyini vurğulayıb. Qeyd olunub ki, Azərbaycan ölkəmizdə həyata keçirilən investisiya layihələrində Avstriya şirkətlərinin iştirakında maraqlıdır. Azərbaycan və Avropa İttifaqı arasında viza prosedurlarının sadələşdirilməsi iki ölkə arasında turizm sahəsində əməkdaşlığın inkişafına töhfə verəcək.

Son illər Azərbaycanın yaxından iştirakı ilə regionda həyata keçirilən irimiqyaslı enerji, nəqliyyat layihələrindən söz açan X.Xələfov deyib ki, enerji, nəqliyyat, infrastruktur, kənd təsərrüfatı, alternativ enerji, turizm sahələrinin, habelə regionların inkişafı kimi məqsədlər hökumət proqramlarında öz əksini tapıb və bu istiqamətdə işlər davam etdirilir.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə diqqət çəkən nazir müavini vurğulayıb ki, bu münaqişə region üçün ciddi təhlükə mənbəyidir və regionun inkişafına ciddi maneələr yaradır. Münaqişə yalnız beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq, Azərbaycanın ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı əsasında həll edilə bilər. ATƏT-in bu sahədə fəaliyyətinin qənaətbəxş olmadığını deyən Xələf Xələfov münaqişənin həlli istiqamətində qəti mövqe nümayiş etdirilməsinin zəruriliyini bildirib.

Avstriya nümayəndə heyətinin rəhbəri Mixael Linhart Azərbaycanın regionda Avstriya üçün mühüm əhəmiyyətə malik, ən böyük iqtisadi tərəfdaşı olduğunu bildirib. Diqqətə çatdırıb ki, iki ölkə infrastruktur, kənd təsərrüfatı, dəmir yolu və digər sahələr üzrə birgə layihələr çərçivəsində əməkdaşlıq edir. Mədəniyyət, elm və təhsil sahəsində əməkdaşlıqdan danışan M.Linhart iki ölkənin universitetləri arasında tələbə mübadiləsi proqramlarının həyata keçirildiyini qeyd edib.

İkitərəfli siyasi əlaqələrin inkişafından söhbət açan M.Linhart ATƏT-ə sədrlik edəcək növbəti ölkə kimi Avstriyanın radikalizm və beynəlxalq terrorizmə qarşı mübarizədə Azərbaycanla əməkdaşlıqda maraqlı olduğunu deyib. Sədrlik dövründə Avstriyanın həll olunmamış münaqişələr, o cümlədən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində ciddi irəliləyişə nail olunması üçün səylərini əsirgəməyəcəyini vurğulayıb.