YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Yaqub Mahmudov: Konstitusiyaya əlavə və dəyişikliklərlə əlaqədar ümumxalq səsverməsinin keçirilməsi islahatların məntiqi davamıdır

«Konstitusiyaya əlavə və dəyişikliklərlə əlaqədar ümumxalq səsverməsinin keçirilməsi məhz ölkəmizdə müxtəlif sahələri əhatə edən islahatların məntiqi davamıdır». Bu fikri YAP Siyasi Şurasının üzvü, Milli Məclisin deputatı Yaqub Mahmudov deyib.

Y.Mahmudov bildirib ki, ölkəmizdə bütün sahələrdə həyata keçirilən islahatların əsasında ölkə vətəndaşlarının rahat və firavan yaşayışının təmin olunması məqsədi dayanır. Onun sözlərinə görə, Konstitusiya dəyişiklikləri də inkişafa, sabitliyə və bütövlükdə, ölkənin gələcəyinə xidmət edir.

«Bu dəyişikliklər dövlətimizin gələcək inkişafı üçün önəmlidir. Hər bir dövlət öz inkişaf tarixinin müəyyən bir mərhələsində mütləq yeniliklərlə müşayiət olunmalı, bu yenilikləri həyatına tətbiq etməlidir. Bununla yanaşı, hüquqi bazasını, dövlət-vətəndaş münasibətlərini təkmilləşdirməli, vətəndaş cəmiyyətinin inkişafına öz töhfəsini verməlidir. Eyni zamanda, insanların hüquq və azadlıqlarının təmin olunması, onların həyat şəraitinin yaxşılaşdırılması, cəmiyyətin inkişaf meyillərinin təmin olunması üçün vaxtaşırı qanunvericiliklərdə təkmilləşdirmələrə ehtiyac duyulur. Bu mənada ölkə Konstitusiyasında insan hüquq və azadlıqlarının daha yüksək səviyyədə təsbit edilməsi hüquqi dövlət quruculuğu prosesinin mühüm elementi kimi çıxış edəcək»- deyə, Y.Mahmudov vurğulayıb.