Xəbərlər
Nəsib Məhəməliyev: Azərbaycan inkişaf, tərəqqi yolunda inamla irəliləyir

«Konstitusiya demokratiyanın ən mühüm nailiyyətlərindən biridir». Bu fikri Milli Məclisin deputatı, «Yeni Azərbaycan» referendum üzrə təşviqat qrupu tərəfindən vəkil edilmiş şəxs Nəsib Məhəməliyev deyib.
N.Məhəməliyev bildirib ki, ali Qanunumuza əlavə və dəyişikliklər daxili və xarici amillərlə şərtlənir. Onun sözlərinə görə, ölkə daxilində sabitliyin, iqtisadi, demokratik inkişafın yüksək səviyyədə təmin edilməsi dünyaya inteqrasiya siyasətinin daha da sürətləndirilməsinə yol açır.
«Azərbaycan hər zaman dünyanın qabaqcıl ölkələrinin təcrübəsinin öyrənilməsində və tətbiqində maraqlıdır. Konstitusiyada insan hüquq və azadlıqlarının, onların layiqli həyat səviyyəsinin təmin edilməsini ali məqsəd kimi bəyan edən Azərbaycan dövləti mütəmadi olaraq daha səmərəli müdafiə mexanizmlərinin tətbiqinə səy göstərir. 23 maddəyə ediləcək əlavə və dəyişikliklərə, eyni zamanda əlavə olunan 6 maddəyə diqqət yetirdikdə vətəndaş amilinə diqqət və qayğı bir daha özünü təsdiqləyir. Vətəndaşlığın prinsipləri də əlavə və dəyişikliklərdə yer alıb. Reallıq budur ki, Azərbaycan inkişaf, tərəqqi yolunda inamla irəliləyir. Bu inkişaf və tərəqqinin Ali Qanunumuzda da öz əksini tapması zəruridir, mütləqdir. Düşünürəm ki, təbliğat-təşviqat kampaniyası dövründə hər bir əlavə və dəyişiklik barədə dolğun məlumat seçicilərin 26 sentyabr ümumxalq səsverməsində fəallığını, bu düzəlişlərə dəstəyini yüksək səviyyədə təmin edəcək»- deyə, millət vəkili qeyd edib.