YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Vladimir Fekete: Roma Papası Azərbaycanı tolerant ölkə kimi qəbul edir və qiymətləndirir

Azərbaycan və Vatikan arasında münasibətlər çox yaxşıdır.

Bu sözləri sentyabrın 14-də Roma Papası Fransiskin Bakıya səfəri ilə bağlı keçirilən mətbuat konfransında Azərbaycandakı Roma katolik kilsəsinin ordinarisi, monsenyor Vladimir Fekete deyib.

O bildirib ki, Azərbaycanın Vatikanda yenidənqurma üzrə fəaliyyəti bu əlaqələrin inkişafına xidmət edib. “Səfərin “Multikulturalizm ili”ndə baş tutması ondan xəbər verir ki, Roma Papası Azərbaycanı tolerant ölkə kimi qəbul edir və qiymətləndirir. O, burada bütün dinlərin nümayəndələri ilə görüşəcək”,- deyə Vladimir Fekete vurğulayıb. Ordinari bu səfərin ikitərəfli əlaqələrin inkişafına təkan verəcəyinə ümidvar olduğunu bildirib.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan Vladimir Fekete problemin güc yolu ilə deyil, danışıqlar yolu ilə həll edilməli olduğunu söyləyib. “Dağlıq Qarabağ münaqişəsi Azərbaycan üçün çox həssas məsələdir. Çünki 20 ildən çoxdur davam edir”, - deyə V.Fekete bildirib. Roma Papasının bu regiona səfərinin şüarının “Hamımız qardaşıq” olduğunu qeyd edən ordinari bildirib ki, Papa qəti şəkildə münaqişənin hərbi yolla həllinə qarşıdır.