YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev Ümumdünya Yəhudi Konqresinin prezidentinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 13-də Ümumdünya Yəhudi Konqresinin prezidenti Ronald Lauderin başçılıq etdiyi və Ümumdünya Yəhudi Konqresinin baş icraçı direktoru və icraçı vitse-prezidenti Robert Sinqer, Ümumdünya Yəhudi Konqresinin vitse-prezidenti Qod Nisanov, Avro-Asiya Yəhudi Konqresinin prezidenti Julius Maynl, Rusiya Yəhudi Konqresinin prezidenti Yuri Kanner, vitse-prezidenti German Zaxaryayev və Ümumdünya Yəhudi Konqresinin baş icraçı direktorunun diplomatiya üzrə müavini Maram Sternin üzv olduqları nümayəndə heyətini qəbul edib.

Ümumdünya Yəhudi Konqresi nümayəndə heyətinin Azərbaycana səfər proqramının geniş olduğunu, çoxsaylı görüşlərin keçiriləcəyini vurğulayan Prezident İlham Əliyev qonaqların ölkəmizi daha da yaxından tanımaları üçün səfərin yaxşı imkan yaradacağına ümidvar olduğunu bildirdi.

Prezident İlham Əliyev ölkəmizdə müxtəlif xalqların və dinlərin nümayəndələri, o cümlədən yəhudilər arasında əsrlər boyu dostluq və qarşılıqlı dəstəyə əsaslanan tarixi əlaqələrin mövcudluğunu məmnunluqla qeyd etdi.

Dövlətimizin başçısı tarixən azərbaycanlılarla yəhudilər arasında dostluq münasibətlərinin olduğunu, yəhudilərin ölkəmizin ictimai həyatında fəal rol oynadıqlarını və bütün dövrlərdə əmin-amanlıq şəraitində yaşadıqlarını dedi. Prezident İlham Əliyev Azərbaycanda müxtəlif xalqların və dinlərin nümayəndələrinin sülh, dostluq şəraitində yaşamasını dövlət siyasətinin təzahürü kimi dəyərləndirdi. 2016-cı ilin Azərbaycanda “Multikulturalizm ili” elan edildiyini deyən dövlətimizin başçısı bunu ölkəmizin bu sahəyə verdiyi önəm kimi qiymətləndirdi və Azərbaycanda bu sahədə həyata keçirilən işlərin dünyanın digər yerlərində də tətbiq olunmasının zəruriliyini bildirdi.

Ümumdünya Yəhudi Konqresinin prezidenti Ronald Lauder Azərbaycan və yəhudi xalqları arasında olan tarixi əlaqələrə və yəhudilər üçün ölkəmizdə yaradılan şəraitə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirdi. O, Azərbaycanda yaşayan yəhudi icmasına olan münasibəti yüksək qiymətləndirərək bunun bir nümunə olduğunu dedi.

Ronald Lauder Bakının gözlədiyindən də artıq gözəl şəhər olduğunu məmnunluqla qeyd etdi və paytaxtımızın gözəlliyinin onlarda dərin təəssürat yaratdığını bildirdi. Ümumdünya Yəhudi Konqresinin prezidenti Azərbaycanın iqtisadi sahədə əldə etdiyi uğurlar münasibətilə dövlətimizin başçısına təbriklərini çatdırdı. Qonaq qeyd etdi ki, dünyada mövcud olan maliyyə və iqtisadi böhran şəraitində Azərbaycanın nail olduğu iqtisadi inkişaf onlarda böyük heyranlıq hissi doğurur.