Xəbərlər
“Yeni Azərbaycan” təşviqat qrupu Mingəçevir şəhərində ilk dəfə səs verəcək seçicilərlə görüşü keçirilib

Yeni Azərbaycan Partiyası Mingəçevir şəhər təşkilatının qərargahında “Yeni Azərbaycan” referendum üzrə təşviqat qrupunun Azərbaycan Respublikasının Konstitusiyasına əlavə və dəyişikliklərlə bağlı ilk dəfə səs verəcək seçicilərlə görüşü keçirilib.
Görüşü giriş sözü ilə YAP Mingəçevir şəhər təşkilatının sədri Cavanşir Yusubov açaraq Konstitusiyaya təklif olunan əlavə və dəyişikliklərlə bağlı məlumat verib. O bildirib ki, bu dəyişikliklər bütün ölkə vətəndaşlarının, o cümlədən gənclərin maraqlarına uyğundur. C.Yusubov ilk dəfə səs verəcək gəncləri fəal olmağa, sentyabrın 26-da referendum aktına səs verməyə çağırıb.
Görüşdə çıxış edən professor Əyyub Əyyubov qeyd edib ki, Konstitusiyaya nəzərdə tutulan dəyişikliklər tarixi zərurətdən irəli gəlir. O diqqətə çatdırıb ki, 26 sentyabrda keçiriləcək referendumda Konstitusiya ilə bağlı 29 maddə vətəndaşların müzakirəsinə təqdim olunacaq. Onlardan 23-ü dəyişikliklər, 6-sı isə əlavələrdir. Ə.Əyyubov referenduma çıxarılan məsələlərin milli maraqlarımıza uyğun olduğunu vurğulayıb.
YAP Mincəçevir şəhər təşkilatı Gənclər Birliyinin sədri Bəxtiyar Mustafayev ilk dəfə səs verən gənclərə gələcək fəaliyyətlərində uğurlar arzulayaraq deyib ki, Konstitusiyaya təklif edilən əlavə və dəyişikliklər biz gənclərin gələcəyi üçün yeni imkanlar açır: «Biz gənclər həmrəy olub təklif olunan dəyişikliklərə hə deyəcəyik».
Görüşdə ilk dəfə səs verəcək gənclərdən Ülvi Seyidov çıxış edərək qarşıdan gələn ümumxalq səsverməsi-referendumda yaxından iştirak edəcəklərini və öz gələcəklərinə səs verəcəklərini bildirib.