YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Hikmət Babaoğlu: Qarşıdakı hədəflərə çatmaq üçün Konstitusiya islahatları zəruridir

«İlk milli Konstitusiyanın qəbul olunduğu 1995-ci ildən 2016-cı ilə qədər keçən dövrdə Azərbaycan bütün sahələrdə- siyasi, iqtisadi, mədəni, hüquqi və digər sahələrdə inkişaf edib. İnkişaf  özü ilə yeni şərtlər diqtə edir. Bu inkişafla ayaqlaşmaq üçün, ölkənin daha optimal və effektli idarəetməsinin təmin olunması üçün, hüquqi sistemin keyfiyyətinin yeni mərhələyə daşınmasını təmin etmək üçün Konstitusiya dəyişikliklərinə ehtiyac yaranır». Bu fikirləri “Yeni Azərbaycan” referendum üzrə təşviqat qrupunun səlahiyyətli nümayəndəsi, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.

H.Babaoğlu bildirib ki, dünyada hər bir ölkənin, beynəlxalq təşkilatların hədəfləri var. Bu baxımdan,  Azərbaycan  öz milli məqsədlərinə çatmaq üçün fəaliyyət göstərir. Məhz bu milli hədəflərə çatmaq üçün Konstitusiyaya bu dəyişikliklər təklif olunur. Onun sözlərinə görə, “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Referendum Aktının layihəsində əksini tapan məsələlər sahibkarlıq, insan hüquqları, təhlükəsizlik, idarəetmə və digər sahələrdə müasir dövrün çağırışlarına cavab verən islahatların həyata keçirilməsini təmin edəcək.

«Bu, sadalanan istiqamətlərdə yeni keyfiyyət dəyişikliklərinin yaranmasına səbəb olacaq. İlk növbədə qeyd edək ki, layihədə təhlükəsizlik məsələlərindən bəhs edilib. Qeyd edilib ki, 58-ci maddənin IV hissəsinin birinci cümləsi aşağıdakı redaksiyada verilsin: “Azərbaycan Respublikasının bütün ərazisində və ya hər hansı hissəsində qanuni dövlət hakimiyyətini zorla devirmək məqsədi, cinayət hesab edilən digər məqsədlər güdən və ya cinayətkar üsullardan istifadə edən birliklər qadağandır”. Milli dövlətin təhlükəsizliyinin təmin edilməsi üçün hazırkı mərhələdə müvafiq tədbirlərin həyata keçirilməsi zəruri və prioritetdir. Nəzərə alsaq ki, hazırda regionda və dünyada olduqca mürəkkəb proseslər baş verir və bunlar milli dövlətlərin mövcudluğuna ciddi təhdidlər yaradır, o zaman qeyd edə bilərik ki, Referendum Aktının layihəsində təhlükəsizlik məsələlərinin yer alması milli dövlətimizin təhlükəsizliyinin təmin olunması baxımından böyük əhəmiyyət daşıyır»- deyə, millət vəkili vurğulayıb.