YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Xəzər rayon seçiciləri Konstitusiyaya ediləcək əlavə və dəyişikliklərə “hə” deyirlər

“Yeni Azərbaycan” təşviqat qrupunun Xəzər rayon şöbəsi sentyabrın 26-da keçiriləcək referendumla əlaqədar tədbirlər planı çərçivəsində Türkan qəsəbəsinin seçiciləri ilə görüş keçirib.

Çıxış edən Yeni Azərbaycan Partiyası Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov Azərbaycan Respublikasının Konstitusiyasına təklif olunan əlavə və dəyişikliklər layihəsi barədə görüş iştirakçılarına geniş məlumat verib. N.Əhmədov söyləyib ki, ölkəmizdə keçiriləcək referendum zamanın tələbi olmaqla yanaşı, əhalinin rifah halının yüksəldilməsinə yönəlik mütərəqqi addımdır: “Bununla yanaşı, layihədə göstərilən hər bir dəyişiklik Azərbaycanın inkişafına, beynəlxalq aləmdə güclənməsinə, nüfuzunun daha da möhkəmləndirilməsinə xidmət edir. İldən-ilə ölkəmiz inkişaf edir, iqtisadiyyatı genişlənir, sosial layihələr həyata keçirir, regionun aparıcı ölkəsinə çevrilir. Məhz bu baxımdan da Konstitusiyada müəyyən dəyişikliyin edilməsinə ehtiyac duyulurdu. İnanıram ki, 1995-ci ildə ulu öndər Heydər Əliyev tərəfindən hazırlanan Azərbaycanın şah əsərində nəzərdə tutulan yeniliyə xalqımız mütəşəkkilliklə “hə” deyəcək”.  

Görüşdə çıxış edən Milli Məclisin deputatı Rauf Əliyev əminliklə vurğulayıb ki, demokratik Azərbaycan cəmiyyətində bütün seçkilər tam şəffaf keçirilir: “Bu baxımdan inanıram ki, bütün seçkilərdə olduğu kimi, budəfəki referendumda da vətəndaşlarımız onlara yaradılan demokratik mühitdən istifadə edərək öz sözlərini deyəcəklər”.

Deputat qeyd edib ki, Azərbaycan dünyanın bir parçası olduğu, beynəlxalq arenaya inteqrasiya etdiyi üçün Konstitusiyaya nəzərdə tutulan əlavə və dəyişiklikləri labüd hesab etmək lazımdır. Həm də ona görə ki, ölkəmizin bütün sferalarında inkişaf gedir və bunu hər kəs hiss edir. Eləcə də ölkəmizin bütün rayonlarında aparılan quruculuq, abadlıq işləri də birmənalı olaraq əhalimizin rahatlığına hesablanıb. Bu inkişafı, quruculuğu Xəzər rayon sakinləri də görür, qiymətləndirir. Bir daha əminliklə deyirəm ki, bütün seçkilərdə olduğu kimi, referendumda da Xəzər rayon sakinləri öz aktivlikləri ilə seçiləcək, təklif edilən layihəyə öz səslərini verəcəklər”.

Sonda seçiciləri maraqlandıran suallar cavablandırılıb.