YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Yaqub Mahmudov: Dövlətlərin birliyi bütövlükdə regionun gələcəyi üçün önəmlidir

«Prezident İlham Əliyevin təşəbbüsü ilə Bakı şəhərində Azərbaycan, Rusiya və İranın dövlət başçılarının görüşü böyük əhəmiyyət kəsb edir. Bu hadisə ilk növbədə Azərbaycanın və onun dövlət başçısının nüfuzunun göstəricisidir». Bu fikirləri yap.org.az saytına AMEA-nın Tarix İnstitutunun direktoru, YAP Siyasi Şurasının üzvü, Milli Məclisin deputatı Yaqub Mahmudov deyib.

Y.Mahmudov bildirib ki, regionun üç dövləti arasında yeni formatda əlaqələr qurulması çox önəmlidir. Onun sözlərinə görə, Azərbaycan, Rusiya və İran arasında münasibətlərin gücləndirilməsi bütövlükdə regionun inkişafına böyük töhfələr verəcək.

«Dövlətlər arasında reallaşdırılan layihələr, o cümlədən «Şimal-Cənub dəhlizi» layihəsi  qlobal önəm kəsb edir. Təbii ki, bu layihələr iqtisadi baxımdan Azərbaycana böyük dividentlər gətirəcək. Artıq «Şərq-Qərb» dəhlizi ölkəmizdən keçir. «Şimal-Cənub» dəhlizi layihəsi reallaşandan sonra isə inkişafımız daha da sürətlənəcək. Bilirsiniz ki, Rusiya böyük dövlət olaraq tarixən Hindistana çıxış yolları axtarıb. Əgər Dərbənddən  Hörmüzə gedən dəmiryolu açılarsa bu baxımdan Rusiya üçün geniş imkanlar açılacaq. Çünki bu, Hind okeanı sahillərinə ən qısa və sərfəli yoldur. Bu dəhlizdən Şərqi Avropa və Mərkəzi Asiya ölkələri də istifadə edəcək ki, bu dövlətlərarası  münasibətlərə müsbət təsir göstərəcək»- deyə, deputat vurğulayıb.

Y.Mahmudovun fikrincə, Türkiyənin bu formata qoşulması da bu birliyə əlavə güc qatacaq: «Belə bir əməkdaşlıq formatı regionumuzdan uzaq nöqtələrdə  oturub dünyanı qarışdıran qüvvələrə də tutarlı cavabdır. Regional birliklər belə qüvvələrə qarşı öz sözlərini deməlidirlər. Bu regionda baş verən proseslərlə bağlı isə  Azərbaycan, Türkiyə, Rusiya və İran həlledici rol oynaya bilər. Bu formatın başlanğıcını Azərbaycan qoydu. Formata gələcəkdə Türkiyənin də qoşulması yaxşı olardı. İnanıram ki, belə də  olacaq. Çünki Azərbaycan dövlətinin müdrik siyasi xətti olan yerdə Türkiyə həmişə var. Türkiyə də birliyə  qoşulandan sonra həmin dövlətlər bilavasitə  bu regionda sabitləşdirici rol oynaya bilərlər. Şübhə etmirəm ki, Türkiyə də həmin formata qoşulandan sonra bu regionun böyük gələcəyi var. Bu amil bölgədə siyasi münasibətlərə və münaqişələrin həllinə müsbət təsir göstərəcək. Azərbaycan bu prosesdə öncül olduğunu göstərdi və Bakıda üç dövlətin əli birləşdi».