YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Prezident İlham Əliyev: Azərbaycanın gələcək inkişafı dayanıqlı olacaq

“Azərbaycanın uğurlu inkişafı bax, belə müəssisələrdən asılıdır. Çünki bu gün həm sənaye istehsalı, həm də kənd təsərrüfatı istehsalı daha da böyük əhəmiyyət daşıyır. Mən dəfələrlə bunu qeyd etmişəm, bir daha demək istəyirəm ki, ölkəmizin bundan sonrakı uğurlu inkişafı bax, bu iki istiqamətdən asılı olacaq. Baxmayaraq ki, indi dünyada maliyyə-iqtisadi böhran davam edir, şadam ki, bu ilin yeddi ayında Azərbaycanda sənaye istehsalı təxminən bir faiz artıb. Bu, o qədər də böyük göstərici deyil, ancaq indiki şəraiti nəzərə alsaq, hesab edirəm ki, bu, yaxşı göstəricidir.” Bu fikirləri İsmayıllı rayonuna səfəri çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev avqustun 10-da “İSMA BİKES” velosiped istehsalı zavodunun açılışında çıxışı zamanı söyləyib.

Prezidenti İlham Əliyev qeyd edib ki, qeyri-neft sənayesi isə iki faizdən çox artıb. Belə müəssisələrin gələcəkdə ölkəmizin müxtəlif yerlərində yaradılması imkan verəcək ki, Azərbaycanda həm sənaye istehsalı artsın, həm də neftdən, qazdan asılılıq daha da azalsın. Bu istiqamətdə işlər görülür və ciddi islahatlar aparılır. İslahatlar da öz bəhrəsini verir. Deyə bilərəm ki, Azərbaycan dünyada hökm sürən böhranı nəzərə alaraq, bu vəziyyətdən ən az itkilərlə çıxır. Ölkəmizdə indi maliyyə sahəsində sabitləşmə təmin edilibdir. Bu il on minlərlə yeni iş yeri yaradılıbdır. Bu proses davam edir. Kənd təsərrüfatı istiqamətində çox böyük müsbət nailiyyətlər var. Beləliklə, Azərbaycanın gələcək inkişafı dayanıqlı olacaq. Bizim imkanımız var ki, gələcək inkişafımızı iki vacib istiqamət - kənd təsərrüfatı və sənaye istehsalı üzərində quraq.