YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Siyavuş Novruzov: Üçtərəfli format regionda yeni bir inkişaf mərhələsinin əsasını qoyur

Azərbaycan, Rusiya və İran prezidentlərinin Bakıda keçirilən üçtərəfli tarixi görüşü nəinki region, ümumiyyətlə dünya üçün mühüm əhəmiyyət kəsb edir.Bunu Trend-ə Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov deyib.

YAP rəsmisi bildirib ki, bu görüşün Azərbaycanda keçirilməsi Prezident İlham Əliyevin beynəlxalq aləmdə olan nüfuzunun, apardığı sülhməramlı və dostluq siyasətinin, həmçinin Azərbaycanda olan ictimai-siyasi sabitliyin, ölkəmizin təşkilatçılıq qabiliyyətinin və iqtisadi inkişafının göstəricisidir.

S.Novruzov qeyd edib ki, bu görüşdə regionun ən aparıcı dövlətləri iştirak edirdi: “Görüşdə terrorizmin qarşısının alınması, ekstremist amillərin aradan qaldırılması, müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsi ilə bağlı razılıq əldə olundu və bəyannamə imzalandı. Bu görüşlərin mütəmadi keçirilməsinin qərara alınması, üçtərəfli formatın regionda sülh və sabitlik üçün əsas şərt olması, dondurulmuş münaqişələrin həll edilməsi ilə bağlı müzakirələrin aparılması çox vacib əhəmiyyət kəsb edir və önəmli mesajlardandır”.

S.Novruzov hesab edir ki, bu format başqa ölkələrin də qoşulması ilə daha geniş formada davam etsə, çox qısa müddət ərzində həm regionda sülh yaranacaq, regionun iqtisadi inkişafı sürətlənəcək, nəqliyyat və kommunikasiya məsələləri öz həllini tapacaq və yeni bir böyük qüvvə meydana çıxacaq:“Azərbaycan bundan əvvəl də İranla dəmir yolu və digər məsələlərlə bağlı bir sıra müqavilələr bağlamışdı və İran prezidenti Azərbaycanda olanda da bu məsələlərə toxundu. Eyni zamanda, Azərbaycan-Rusiya və Rusiya-İran münasibətlərinin daha da yaxınlaşması regionda yeni bir inkişaf mərhələsinin əsasını qoyur”.

YAP rəsmisi bildirib ki, əgər regionda belə bir birlik yaranırsa, bu cür addımlar atılırsa, Ermənistan Dağlıq Qarabağ münaqişəsinin sülh yoluyla həll olunması üçün addım atmağa məcburdur, çünki başqa çıxış yolu qalmır: “Ona görə də hesab edirəm ki, bu cür yeni əməkdaşıq formatının yaranması Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunması istiqamətində çox mühüm addım olacaq”.

S.Novruzov əlavə edib ki, bu cür əməkdaşlıq formatı müəyyən qüvvələri, xüsusilə erməni lobbisini narahat edir: “Ermənilərin lobbiçiliyi ilə ayrı-ayrı qurumlar tərəfindən müxtəlif bəyanatların səslənməsini gözləmək olar”.