YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Prezident İlham Əliyev Təzəpir məscidi kompleksinin ətraf ərazisinin abadlaşdırılması ilə əlaqədar tədbirlər haqqında Sərəncam imzaladı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Təzəpir məscidi kompleksinin ətraf ərazisinin abadlaşdırılması ilə əlaqədar tədbirlər haqqında Sərəncam imzaladı.

Sənəddə qeyd olunur ki, xalqimizin mənəvi dəyərlərinə, tarixi-dini və mədəniyyət abidələrinə həssas münasibət müasir Azərbaycan Respublikasının dövlət siyasətinin mühüm prioritetlərindəndir. Son illərdə qədim dini abidələrin, ziyarətgahların bərpası ilə bağlı silsilə tədbirlər həyata keçirilmiş, dini-memarlıq incilərindən Bibiheybət və Əjdərbəy məscidləri, Şamaxı şəhərindəki Cümə məscidi Dövlət tarix-memarlıq abidəsi, Gəncə Dövlət Tarix-Mədəniyyət Qoruğu ərazisində yerləşən “İmamzadə” kompleksi yenidən qurulmuş, Bakı şəhərində “Heydər Məscidi” kompleksi inşa edilmişdir. Ölkə müsəlmanlarının başlıca ibadət mərkəzi olan Təzəpir məscidində dövlətin dəstəyi ilə əsaslı yenidənqurma işləri aparılmışdır. 

Bununla yanaşı, XX əsrin əvvəllərində Bakı şəhərinin mərkəzi hissəsində, əhalinin sıx məskunlaşdığı ərazidə inşa edilmiş Təzəpir məscidi ətrafındakı yol infrastrukturunun hazırda köhnəlməsi və bir çox tikililərin qəzalı vəziyyətə düşməsi nəticəsində məscid yaxınlığında nəqliyyat vasitələrinin və piyadaların normal hərəkəti məhdudlaşmışdır ki, bu da yerli sakinlərin narahatlığına səbəb olmuş, dindarlar tərəfindən məbədin istifadəsini və ölkəmizin qonaqlarının həmin abidəni ziyarət etməsini xeyli çətinləşdirmişdir.

Sərəncama əsasən, Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Təzəpir məscidi kompleksinin ətrafındakı yol-nəqliyyat infrastrukturunun yenidən qurulması, ərazisinin abadlaşdırılması, məscidi ziyarət edənlər üçün parklama imkanlarının yaradılması işlərinin həyata keçirilməsi üçün “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinə ilkin olaraq 5,0 (beş) milyon manat ayrıldı.