YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sahibə Qafarova: Multikulturalizm mühiti, ölkəmizdəki sülh və sabitlik Azərbaycanın bütün istiqamətlərdə inkişafının əsasında dayanır

«Azərbaycanda "Multikulturalizm ili"nin elan olunması ölkəmizin dünyada sülh və təhlükəsizliyin, mədəniyyətlər və dinlər arasında barışın təmin olunmasına, çoxmədəniyyətliliyin qorunması və tolerantlığın möhkəmlənməsinə nə qədər əhəmiyyət verdiyini, bu istiqamətdə üzərinə götürdüyü məsuliyyətli missiyanın yerinə yetirilməsinə sadiqliyini göstərir». Bu fikirləri AŞPA-nın komitə sədri, Milli Məclisin deputatı Sahibə Qafarova deyib.

 S.Qafarova bildirib ki, Azərbaycanın tarixən tolerantlığın hökm sürdüyü, müxtəlif dinlərin və millətlərin birgə yaşadığı, sülh və qardaşlıq şəraitində xalqımızın ümumi mənafeyi naminə birgə çalışdığı bir ölkə olaraq hazırda bütün dünya ictimaiyyətini narahat edən diskrminasiya hallarının, milli, dini ayrı-seçkiliyin aradan qaldırılmasında oynadığı rol və həyata keçirdiyi işlər kifayət qədər böyükdür. Onun sözlərinə görə, Azərbaycana gələn, ölkəmizlə, xalqımızın milli–mənəvi keyfiyyətləri ilə, Azərbaycanda yaşayan millətlərin, icmaların nümayəndələrinin fikirləri ilə tanış olan istənilən şəxs bu reallığı görür, Azərbaycanın zəngin tolerantlıq və multikulturalizm ənənələrinin dünya üçün örnək olması gerçəkliyini ifadə edir.

«Biz yaxın və uzaq coğrafiyalarda baş verən hadisələri görürük, çox da uzaq olmayan tarixin acı dərsləri yaddaşlardan silinməyib. Ona görə də, sizin sualınıza cavab olaraq qeyd etmək istəyirəm ki, sabitlik olmayan yerdə, insanlar arasında sülh və xoşgörünün olmadığı yerdə inkişafdan danışmaq mümkün deyil. Azərbaycan Prezidenti İlham Əliyev haqlı olaraq bəyan edib ki, çoxmillətlilik, çoxmədəniyyətlilik, çoxkonfessiyalılıq bizim sərvətimizdir. Çünki məhz bu dəyərlər, bu üstün keyfiyyətlər, çox qədim və möhkəm əsaslara söykənən multikulturalizm mühiti, ölkəmizdəki sülh və sabitlik Azərbaycanın bütün istiqamətlərdə inkişafının əsasında dayanır»- deyə, S.Qafarova vurğulayıb.