YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

TAP AG İtaliyada sosial layihələrin dəstəklənməsinə 200 min avro ayıracaq

Azərbaycan təbii qazının Avropaya nəqlini nəzərdə tutan “Trans-Adriatik” (TAP) qaz boru kəmərinin operatoru olan (Trans Adriatic Pipeline (TAP AG) İtaliyada birliklər və qeyri-kommersiya təşkilatlarının layihələrini dəstəkləmək üçün 200 min avro ayıracaq.

Bu barədə TAP AG-nin saytında məlumat verilir. Bu, TAP-ın Melenduqnoda (İtaliya) mədəni, sosial və ətraf mühit layihələri vasitəsilə həyat səviyyəsinin yüksəlməsinə yönəldilmiş ilk icma investisiya proqramıdır. Təşəbbüs “TAP start” adlanır.

Melenduqno bələdiyyəsində qeydiyyatdan keçən birliklər və qeyri-kommersiya təşkilatları iyulun 15-dən sentyabrın 30-dək qəbul olunan layihələr üçün 25 min avroya qədər maliyyələşmə alacaq. Layihələr TAP-ın sosial sahə və ətraf mühit investisiyalarında olan 4 istiqamətdə - iqtisadi inkişaf, yaşayış keyfiyyəti, bacarıqların inkişafı və ətraf mühitin mühafizəsi üzrə olmalıdır. Layihələr müstəqil ekspertlərdən ibarət komissiya tərəfindən dəyərləndiriləcək və qaliblər 2016-cı ilin sonunda elan olunacaq. Layihələrin icrası isə 2017-ci il ərzində həyata keçiriləcək. TAP-ın məqsədi tikinti dövründə ildə iki dəfə qəbul edilməklə ümumi dəyəri 1,4 milyon avroluq əlavə elanlar verməkdir.

Qeyd edək ki, “Cənub Qaz Dəhlizi”nin tərkib hissəsi olan TAP layihəsi Cənubi Qafqaz Boru Kəmərinin və TANAP-ın davamı olub, “Şahdəniz-2” yatağından hasil olunacaq qazın Yunanıstan və Albaniya vasitəsilə, Adriatik dənizindən keçməklə İtaliyanın cənubuna, oradan da Qərbi Avropaya nəqlini nəzərdə tutur. Bu layihə Azərbaycan qazının İtaliya, Almaniya, Fransa, Böyük Britaniya, İsveçrə və Avstriya kimi böyük Avropa bazarlarına çatdırılması üçün böyük imkanlar yaradır. TAP-ın ilkin ötürücülük qabiliyyəti ildə 10 milyard kubmetr olacaq və bu həcmin gələcəkdə 20 milyard kubmetrədək artırılması planlaşdırılır.

Boru kəmərinin uzunluğu 871 kilometr (Yunanıstan – 547 kilometr, Albaniya – 211 kilometr, Adriatik dənizi – 105 kilometr, İtaliya – 8 kilometr), diametri isə 48 düymdür (sualtı hissə - 36 düym). Bu il mayın 17-də Yunanıstanın Saloniki şəhərində TAP-ın təməlqoyma mərasimi keçirilib. Mayın sonlarına kimi layihə üzrə iş həcminin 19,5 faizi yerinə yetirilib və ümumilikdə 877 milyon avro həcmində sərmayə qoyulub. 2020-ci ilədək layihə üzrə Azərbaycan şirkətlərinin xərclərinin 1,2 milyard dollar olması gözlənilir. TAP üzrə tələb olunan kapital xərcləri 5 milyard dollardır. Boru kəmərinin 2020-ci ildə istismara verilməsi nəzərdə tutulur.

TAP-ın səhmdarları belədir: BP (20 faiz), SOCAR (20 faiz), “Snam S.p.A.” (20 faiz), “Fluxys” (19 faiz), “Enagás” (16 faiz) və “Axpo” (5 faiz).