YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bahar Muradova: Helsinki Yekun Aktının prinsiplərinin pozulmasına dözümlü münasibət bizi narahat edir

ATƏT Parlament Assambleyasının Tbilisidə keçirilən sessiyasının sonuncu plenar iclasında Azərbaycan nümayəndə heyətinin rəhbəri, Milli Məclis sədrinin müavini Bahar Muradova çıxış edib.

ATƏT PA-nın 25 illik fəaliyyəti nəticəsində regionda bir çox dəyişikliklərin baş verdiyini vurğulayan Bahar Muradova deyib: “Bütün dəyişikliklər inkişafa səbəb olur, inkişaf isə problemlər doğurur. Şüarlarımız hər il fərqli olsa da ən aktual məsələləri əks etdirir. Biz ATƏT PA-nın hər üç ölçüsü üzrə balanslaşdırılmış yanaşmaya nail olmağa çalışırdıq. Bu gün, 25 il keçəndən sonra biz müxtəlif hadisələrlə üzləşirik. ATƏT-in əsas prinsiplərinin üstünlüyünü kölgə altına salan hadisələrlə üz-üzəyik. Bu, bir çox çətinliklər və qarşıdurma yaşamış bir ölkə olan Gürcüstanda daha çox hiss edilir. Qaçqınların böhranı, insan haqları sahəsindəki problemlər, təcavüz və korrupsiya ilə mübarizə və digər məsələlər diqqət mərkəzində olub.

Təəssüflə qeyd etmək istəyirəm ki, biz terrorla mübarizədə vahid antiterror şəbəkəsi yarada bilmədik. ATƏT-in və onun institutlarının fəaliyyətinin əlaqələndirilməsinə mane olan özünəməxsus praktika hələ də mövcuddur.

Amma bizim dəyişməyən, hər zaman aktual və əhəmiyyətli olan Helsinki Yekun Aktı prinsiplərimiz var. Bizi, həmçinin bu prinsiplərin pozulmasına dözümlü münasibət narahat edir. Regiondakı həlli uzadılmış münaqişələr bizi ciddi narahat etməkdə davam edir və bu, Avropa üçün də böyük təhlükədir. Maraqlıdır ki, Azərbaycan da bu cür yanaşma ilə üz-üzədir və 25 ildir belə davam edir. Burada müzakirə etdiyimiz Gürcüstan, Ukrayna və Moldovanın üzləşdiyi problemləri əks etdirən qətnamələri xüsusilə vurğulamaq istərdim. Nəzərinizə çatdırıram ki, biz hər zaman bütün dövlətlərin müstəqilliyini və ərazi bütövlüyünü dəstəkləyirik. Biz güc tətbiq etməklə bu prinsiplərin dəyişdirilməsinə qarşı çıxır, Gürcüstan, Ukrayna və Moldova da daxil olmaqla bütün münaqişələrin beynəlxalq hüququn və Helsinki Yekun Aktının prinsipləri əsasında həllini dəstəkləyirik”.