YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Prezident İlham Əliyev müqəddəs Ramazan ayı münasibətilə müsəlman ölkələrinin Azərbaycandakı diplomatik nümayəndəliklərinin və beynəlxalq təşkilatlarının rəhbərlərini qəbul edib

İyunun 8-də Prezident İlham Əliyev müqəddəs Ramazan ayı münasibətilə müsəlman ölkələrinin Azərbaycandakı diplomatik nümayəndəliklərinin və beynəlxalq təşkilatlarının rəhbərlərini qəbul edib.

Dövlətimizin başçısı görüşdə çıxış edib.

Müqəddəs Ramazan ayının başlaması münasibətilə görüş iştirakçılarını təbrik edən Prezident İlham Əliyev Ramazan ayında belə görüşlərin gözəl ənənəyə çevrildiyini bildirdi. Azərbaycanda müsəlman ölkələrinin səfirliklərinin sayının artmasının əhəmiyyətini qeyd edən dövlətimizin başçısı bunun dostluğumuzu və həmrəyliyimizi nümayiş etdirdiyini dedi. Prezident İlham Əliyev bildirdi ki, görüş iştirakçılarının təmsil etdiyi ölkələrin Azərbaycan ilə həm ikitərəfli, həm çoxtərəfli formatda əlaqələri qurulub. Gələcəkdə bu əməkdaşlığın daha da dərinləşəcəyinə əminliyini ifadə edən dövlətimizin başçısı onu da vurğuladı ki, beynəlxalq təşkilatlar çərçivəsində də uğurlu əməkdaşlıq var. Prezident İlham Əliyev aprel ayında İslam Əməkdaşlıq Təşkilatının Türkiyədə keçirilən Zirvə görüşündə bu həmrəyliyin bir daha nümayiş olunduğunu diqqətə çatdıraraq həmin tədbirdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı çox ciddi sənədin qəbul edildiyini, aprel ayında Azərbaycana qarşı törədilən erməni təxribatının pislənildiyini qeyd etdi. “Biz bu addımları çox yüksək qiymətləndiririk və bunlara görə müsəlman ölkələrinə minnətdarlığımızı bildiririk”, - deyən dövlətimizin başçısı bu münaqişənin region üçün böyük təhlükə olduğunu diqqətə çatdırdı, onun fəsadları barədə danışdı, Ermənistanın bizə qarşı etnik təmizləmə siyasəti apardığını, Xocalı soyqırımını törətdiyini, işğal edilən torpaqlarda bütün tarixi və dini abidələri dağıtdığını söylədi. Ermənistan rəhbərliyinin Avropa ölkələrinə münaqişə ilə bağlı daim təhrif edilən məlumatlar verdiyini və eyni zamanda, bu münaqişəyə dini don geyindirməyə çalışdığını deyən dövlətimizin başçısı diqqətə çatdırdı ki, bir çox hallarda onlar üç müsəlman ölkəsi əhatəsində xristian dəyərlərini müdafiə etdiklərini də iddia edirlər. “Bu, böyük riyakarlıqdır. Siz - Azərbaycanda yaşayan insanlar, yaxşı bilirsiniz ki, ölkəmizdə dini, milli zəmində heç vaxt münaqişə olmayıb”, - deyən Prezident İlham Əliyev ölkəmizdə məscidlərlə yanaşı, kilsələrin və sinaqoqların fəaliyyət göstərdiyini, erməni kilsəsinin şəhərin mərkəzində toxunulmaz qaldığını və Azərbaycan dövlətinin bu kilsənin təmirinə vəsait ayırdığını da bildirdi, Ermənistan rəhbərliyinin bu ucuz və nalayiq çıxışlarının riyakarlığın təzahürü olduğunu vurğuladı. Dövlətimizin başçısı onu da dedi ki, bu, bir daha Ermənistan rəhbərliyinin müsəlman ölkələrinə düşmən gözü ilə baxdığını təsdiq edir. Prezident İlham Əliyev həm Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, həm də digər məsələlərlə bağlı bütün müsəlman aləminin birlik, həmrəylik nümayiş etdirməsinin vacibliyini vurğuladı.

2016-cı ilin Azərbaycanda “Multikulturalizm ili” elan edildiyini deyən Prezident İlham Əliyev bu il ölkəmizdə keçirilən BMT-nin Sivilizasiyalar Alyansının Qlobal Forumunun nəticələrini Azərbaycanın bu yolda böyük uğurlara imza atdığını sübut edən daha bir amil kimi dəyərləndirdi. Bakıda ötən il birinci Avropa Oyunlarının baş tutduğunu, gələn il isə İslam Həmrəylik Oyunlarının keçiriləcəyini deyən dövlətimizin başçısı İslam Həmrəylik Oyunlarının tarixdə təkcə idman yarışı kimi qalmayacağına, bu Oyunların bütün dünyaya İslamın birliyə, sülhə, əmin-amanlığa çağırışını nümayiş etdirəcəyinə əminliyini ifadə etdi. Bu Oyunlardan bir il sonra Naxçıvanın İslam mədəniyyəti paytaxtı elan olunacağını, bir neçə il əvvəl Bakının bu şərəfli ada layiq görüldüyünü deyən Prezident İlham Əliyev Azərbaycanın İslam ölkələri arasında birliyin gücləndirilməsi istiqamətində səyləri davam etdirəcəyini vurğuladı.

Görüşə görə Azərbaycan dövlətinin başçısına minnətdarlığını bildirən Mərakeş Krallığının ölkəmizdəki səfiri Həsən Hami müsəlman ölkələrinin Azərbaycandakı diplomatik nümayəndəliklərinin və beynəlxalq təşkilatlarının rəhbərləri adından Azərbaycan xalqına müqəddəs Ramazan ayı və qarşıdan gələn Ramazan bayramı münasibətilə ən xoş arzularını çatdırdı, müstəqilliyimizin bərpa olunmasının qarşıdan gələn 25-ci ildönümü münasibətilə təbrik etdi.

Səfir Azərbaycanın uğurlarından danışdı, bu uğurların müsəlman dünyasında yüksək dəyərləndirildiyini bildirdi. O, İslam Əməkdaşlıq Təşkilatının üzvləri olan ölkələrin bir daha Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə dəstəyini ifadə etdi və Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə Azərbaycanın ərazi bütövlüyü və suverenliyi çərçivəsində, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə tam əməl olunması ilə həllinin tərəfdarı olduğunu vurğuladı.

Sonda xatirə şəkli çəkdirildi.