YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

“Huawei Azərbaycan” şirkəti “Gözəl Azərbaycan” layihəsinə start verib

“Huawei Azərbaycan” şirkəti AZƏRTAC və digər tərəfdaşlarının dəstəyi ilə həyata keçirəcəyi “Gözəl Azərbaycan” layihəsinə start verib.

“Gözəl Zəkalar”, “Gözəl Mədəniyyət”, “Gözəl İnsanlar” və “Gözəl Təbiət” adlı dörd hissədən ibarət olan bu uzunmüddətli sosial layihənin məqsədi Azərbaycanı bütün dünyada daha çox tanıtmaqdır. Layihə Bakı və Azərbaycanın müxtəlif regionlarını əhatə edəcək.

Layihənin təqdimat mərasimində bildirilib ki, 15 ildən artıq bir müddətdə Azərbaycanda təcrübə toplamış bir şirkət kimi “Huawei” bu gözəl ölkəni və xalqı tanınmaq və daha da irəli aparmaq üçün bu layihəni həyata keçirir.

“Gözəl Təbiət” layihəsinin məqsədi Azərbaycan təbiətinin zənginliyini, fərqliliyini və gözəlliyini nümayiş etdirməkdir. Layihənin fotoyarışının qalibləri “Huawei” şirkəti tərəfindən mükafatlandırılacaq.

“Gözəl İnsanlar” layihəsi Azərbaycan xalqının həyat hekayələrini paylaşaraq bu xalqın daxili gözəlliyini üzə çıxarmaq niyyətindədir.

“Gözəl Mədəniyyət” layihəsi çərçivəsində Azərbaycanın müxtəlif guşələrində mədəni və əyləncəli tədbirlər təşkil ediləcək.

Artıq Naxçıvanda həyata keçirilən “Gözəl Düşünən Beyinlər” layihəsinin bir hissəsi olan “Gözəl Zəkalar” layihəsi Naxçıvandan seçilmiş 6 tələbənin “Huawei”nin Çindəki mərkəzlərində təcrübə keçməsini nəzərdə tutur.

Tədbirdə çıxış edən Çin Xalq Respublikasının Azərbaycandakı səfiri Xun Tsyuin Çin-Azərbaycan münasibətlərinin 24 il ərzində durmadan inkişaf etdiyini bildirib. O, 2015-ci ilin dekabr ayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Çinə dövlət səfərini və bu günlərdə Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun daimi üzvü, Çin Xalq Respublikası Dövlət Şurası Sədrinin birinci müavini Can Qaolinin rəhbərlik etdiyi nümayəndə heyətini Azərbaycana səfərini uğurlu adlandırıb, bu səfərlərin Çin və Azərbaycan arasında nəqliyyat, logistika, neft-qaz, rabitə və informasiya texnologiyaları sahələrində əməkdaşlığın yeni mərhələyə keçməsi üçün təkan olduğunu vurğulayıb.

“Çin və Azərbaycan sahibkarları arasında əməkdaşlıq gündən-günə inkişaf edir, dərinləşir. Azərbaycanda bir çox Çin şirkətləri fəaliyyət göstərir, “Huawei” şirkəti Azərbaycana ən tez gələn və ən uğurlu fəaliyyət göstərən şirkətlərdən biridir. Azərbaycan xalqına qabaqcıl kommunikasiya texnologiyaları, yeni nəsil şəbəkə texnologiyası təqdim edir, Azərbaycanın rabitə və İKT sahəsinə böyük töhfə verib”, - deyən diplomat bildirib ki, “Gözəl Azərbaycan” layihəsi ölkələrimiz arasında əlaqələri daha da gücləndirmək üçün bir vasitəyə çevriləcək. Layihəyə uğur arzulayan səfir ümidvar olduğunu bildirib ki, bu layihə vasitəsilə bir çox Çin şirkətləri Azərbaycana gələcək, investisiya yatıracaq.

Azərbaycanın Rabitə və Yüksək Texnologiyalar nazirinin müavini İltimas Məmmədov “Gözəl Azərbaycan” layihəsini möhtəşəm və qeyri-adi layihə adlandırıb. “Gündən-günə gözəlləşən Azərbaycanın hətta bizlərin bilmədiyi gözəlliklərini “Huawei” ortaya çıxaracaq”, - deyən nazir müavini bildirib ki, layihənin ilkin mərhələsi bu ilin sonuna kimi yekunlaşacaq. O, “Huawei” şirkətini Azərbaycanda keçirilən bütün tenderlərdə çox aktiv iştirak etdiyini, hazırda 4 tenderin iştirakçısı olduğunu deyib.

“Huawei”in Mərkəzi Asiya üzrə baş icraçı direktoru Zang Dongliang şirkət barədə məlumat verərək bildirib ki, “Huawei”in 170 ölkədə nümayəndəliyi var, dünya üzrə 500 ən iri şirkət arasında 228-ci yerdədir. Şirkətin 16 elmi-tədqiqat mərkəzləri fəaliyyət göstərir, onlardan 9-u xaricdədir, 176 min qlobal işçisi var. Şirkətin innovasiyalara investisiya yatırmağa önəm verdiyini bildirən Zang Dongliang Azərbaycanda özlərinə tərəfdaş müəyyən etmək niyyətində olduqlarını da bildirib.

“Huawei Azərbaycan”ın baş icraçı direktoru Cao Zeyin deyib ki, Azərbaycanda yaşayan və işləyən hər bir şəxs Azərbaycanı ürəkdən sevir. “Biz bu layihə ilə Azərbaycanın gözəl təbiəti, tarixi, mədəniyyəti və mehriban insanları barədə dünyanı məlumatlandırmaq istəyirik”, - deyə Cao Zeyin bildirib.

Layihənin tərəfdaşlarından biri olan “Bakcell” şirkətinin baş icraçı direktoru Nikolay Bekers şirkətin “Huawei” şirkəti ilə sıx əməkdaşlığından danışıb, layihəni çox önəmli və özünəməxsus bir layihə adlandırıb.

Təqdimat mərasimindən sonra keçirilən mətbuat konfransında “Huawei”in Mərkəzi Asiya üzrə baş icraçı direktoru Zang Dongliang bildirib ki, Azərbaycanın telekommunikasiya sahəsində çox geniş potensialı var və şirkət bundan istifadə etmək niyyətindədir.

Şirkətin Azərbaycandakı fəaliyyətinə dair sualı cavablandıran “Huawei Azərbaycan”ın baş icraçı direktoru Cao Zeyin bildirib ki, şirkət servis sahəsində fəaliyyət göstərir, 15 il ərzində 2 minə yaxın yerli işçi işə cəlb olunub.