YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Siyavuş Novruzov: Prezident İlham Əliyev Azərbaycan diasporlarının fəaliyyətinə qiymət verdi, gələcək fəaliyyət istiqamətlərini müəyyən etdi

Azərbaycan diasporu qısa müddətdə erməni lobbisinin fəaliyyətini tamamilə iflic edib. Bunu Trend-ə Milli Məclisin deputatı Siyavuş Novruzov deyib.

Erməni lobbisinin dünyada 100 ildən artıqdır ki fəaliyyət göstərdiyini bildirən S.Novruzov əlavə edib ki, Azərbaycan diasporu Türkiyə diasporu ilə birlikdə fəaliyyət göstərir. Hər iki ölkənin diasporlarının birgə fəaliyyəti bundan sonra da davam etdirilməlidir və qarşıya qoyulan vəzifələr də yerinə yetirilməlidir: "Bütün Azərbaycanlılarının bir vətəni var. O da müstəqil Azərbaycandır. Bu dövlətin qorunması, möhkəmlənməsi hər bir azərbaycanlının, hər bir türkin borcudur ki, bunun müdafiə olunması üçün addımlar atsınlar".

Millət vəkili Dünya Azərbaycanlarının IV Qurultayında Prezident İlham Əliyevin geniş çıxışına da münasibət bildirərək qeyd edib: "Prezident İlham Əliyev Azərbaycan diasporlarının fəaliyyətinə qiymət verdi, gələcək fəaliyyət istiqamətlərini, qarşıda duran vəzifələri müəyyən etdi".

S.Novruzov daha sonra xüsusi vurğulayıb ki, ümummilli lider Heydər Əliyev hakimiyyətə gəldikdən sonra Azərbaycan diasporunu formalaşdırdı və Diasporla İş üzrə Dövlət Komitəsi yaradaraq ona geniş səlahiyyətlər də verdi.

Deputat qeyd edib ki, Ermənistan rəsmiləri cinayətkar hakimiyyətlərini qoruyub saxlamaq üçün yalanlar söyləyirlər: "Çünki bunlar hakimiyyətə qan üstündə gəliblər, Qarabağ kartından istifadə edərək hakimiyyətə gəliblər. Yəni bu cür insanlar ancaq yalan və iftira ilə məşğul ola bilərlər. Erməni tərəfi - prezidentindən tutmuş axırıncı vətəndaşına qədər - hər zaman təxribatla məşğul olur. NATO Parlament Assambleyasından qayıdan ermənilərdən biri erməni mətbuatına NATO PA-da baş verən hadisələr barədə deyil, tamamilə ayrı məlumat verib ki, guya Azərbaycan nümayəndə heyəti NATO PA-dan uzaqlaşdırıldı. Tamamilə yalan, iftiradır".

Qeyd edək ki, bu gün Bakıda Dünya Azərbaycanlılarının IV Qurultayı öz işinə başlayıb. İki gün davam edəcək qurultaya 49 ölkədən 500-dən çox diaspor nümayəndəsi və qonaq qatılıb. Qonaqlar arasında bir sıra xarici ölkələrin nüfuzlu siyasətçiləri, ictimai xadimləri, elm adamları və bir neçə ölkənin yüksək vəzifəli şəxsləri, parlament üzvləri var. Qurultayın işində eyni zamanda, Azərbaycanın müxtəlif dövlət və hakimiyyət strukturları, qeyri-hökumət təşkilatları, elm, təhsil, mədəniyyət təmsilçilərindən ibarət 360 nəfərlik nümayəndə heyəti də iştirak edir.

Tədbirin yekununda bir neçə sənədin qəbulu gözlənilir. Qurultay iyunun 4-də yekunlaşacaq.