YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Tbilisidə keçirilən beynəlxalq konfransda Cənubi Qafqazdakı münaqişələrin həlli yolları müzakirə olunur

Mayın 24-də Tbilisidə “Gürcüstanın təhlükəsizliyi və müdafiəsi” mövzusunda X beynəlxalq konfrans işə başlayıb.

İki gün davam edəcək konfransda regional və qlobal təhlükəsizlik, bölgədə baş verən proseslər və mövcud münaqişələrin həlli yolları, avrointeqrasiya məsələləri müzakirə olunacaq.

NATO və Avropa İttifaqının rəhbər şəxslərinin, beynəlxalq təşkilatlar yanında daimi nümayəndəliklərin təmsilçilərinin, dünyanın 50-yə yaxın ölkəsindən hərbi ekspertlərin, parlamentarilərin, Tbilisidəki diplomatik korpusun nümayəndələrinin iştirak etdikləri tədbirdə Azərbaycanı Gürcüstandakı səfirliyimizin hərbi attaşe aparatının rəhbəri Xəzər Abbasov və aparatın zabitləri təmsil edirlər.

Tədbirdən əvvəl Gürcüstan Hərbi Hava Qüvvələrinin hərbçiləri paraşütdən tullanaraq bacarıqlarını nümayiş etdiriblər.

Gürcüstanın müdafiə naziri Tinatin Xidaşeli tədbiri açdıqdan sonra Baş nazir Giorgi Kvirikaşvili və başqaları çıxış edərək konfransın əhəmiyyətindən danışıblar. Bildirilib ki, bu cür tədbirlər regionda və dünyada sülhün, təhlükəsizliyin qorunmasında, ölkələr arasında əlaqələrin inkişafında mühüm rol oynayır.

Konfransda Cənubi Qafqazda və dünyada baş verən proseslər, münaqişələr və onların həlli yolları, qlobal və regional təhlükəsizlik barədə məsələlər müzakirə olunub, rəy və təkliflər səslənib.

Azərbaycan nümayəndələri konfransda və tədbir çərçivəsində keçirdikləri görüşlərdə ölkəmizin sosial-iqtisadi inkişafı, ordu quruculuğu sahəsində əldə etdiyi nailiyyətlər barədə məlumat veriblər.

Azərbaycanın Gürcüstandakı səfirliyinin hərbi attaşe aparatının rəhbəri polkovnik Xəzər Abbasov jurnalistlərə müsahibəsində deyib: “Konfransda və keçirdiyimiz görüşlərdə ölkəmizin bütün sahələr üzrə inkişafı, qazandığı uğurlar barədə məlumat veririk. Eyni zamanda, ermənilərin işğal etdikləri Azərbaycan torpaqlarında törətdikləri cinayətlər, atəşkəs rejimini pozmaları faktları, dinc əhaliyə qarşı kimyəvi və digər qadağan olunmuş silahlardan istifadə etmələrinə dair dəlillər diqqətə çatdırılır. Həmin faktları özündə əks etdirən foto və video materiallar CD vasitəsilə yüksək vəzifəli xarici qonaqlara təqdim olunur. Məqsədimiz Azərbaycanın haqq səsini bir daha dünya ictimaiyyətinin diqqətinə çatdırmaq və erməniləri ifşa etməkdir”.

Gürcüstanın müdafiə naziri Tinatin Xidaşeli jurnalistlərə bildirib ki, bu konfrans sülh uğrunda mübarizədə mühüm əhəmiyyət kəsb edir: “Bütün ölkələr sülh istəyirlər. Bizim də məqsədimiz sülhə nail olmaqdır və bu istiqamətdə tədbirlər görürük. Bu konfrans da həmin tədbirlərdən biridir. Əsas məqsədimiz regionda sabitliyi bərpa etmək və Cənubi Qafqazı təhlükəsiz zonaya çevirməkdir. İnanırıq ki, birgə səylərimizlə buna nail olacağıq”.

Konfrans mayın 25-də işini davam etdirəcək.