YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Milli Məclisin nümayəndə heyətinin Sloveniya Respublikasında bir sıra yüksək səviyyəli görüşləri keçirilmişdir

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Ağalar Vəliyevin rəhbərlik etdiyi və Aqrar komitənin sədri, işçi qrupunun üzvü Eldar İbrahimovun da daxil olduğu Azərbaycan-Sloveniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun nümayəndə heyəti mayın 23-24-də Sloveniya Respublikasında rəsmi səfərdə olmuşdur.

Nümayəndə heyəti Sloveniya Milli Şurasının prezidenti Mitya Bervar tərəfindən qəbul edilmiş və daha sonra Miryam Bon-Klanyşçekin rəhbərlik etdiyi Sloveniya-Azərbaycan parlamentlərarası işçi qrupunun üzvlərilə görüşmüşdür.

Milli Şuranın prezidenti qonaqları səmimiyyətlə salamlayaraq Azərbaycan nümayəndə heyətinin Sloveniyaya səfərindən məmnunluğunu ifadə etmişdir.

  Qarşılıqlı etimad şəraitində keçən görüşdə Mitya Bervar 2015-ci ilin mart ayında rəhbərlik etdiyi Sloveniya Milli Şurasının nümayəndə heyətinin Bakıya səfərini, Prezident İlham Əliyev tərəfindən qəbul edilməsini, Milli Məclisin sədri Oqtay Əsədovla və parlamentlərarası dostluq qrupunun üzvlərilə görüşlərini yaxşı xatırladığını, Azərbaycanda aparılan genişmiqysalı quruculuq və abadlıq işlərinin, gerçəkləşdirilən sosial-iqtisadi layihələrin, Sloveniyalı parlamentarilərin timsalında ölkəsinə və xalqına olan isti və doğma münasibətin bilavasitə şahidi olduğunu vurğulamışdır.

Səmimi qəbula və qonaqpərvərliyə görə təşəkkürünü bildirən Azərbaycan nümayəndə heyətinin rəhbəri Ağalar Vəliyev səfərin çox əlamətdar bir dövrə – Sloveniya Respublikasının Azərbaycan Respublkasının dövlət müstəqilliyini tanımasının 25-ci ildönümünün və ölkələrimiz arasında diplomatik münasibətlərin yaradılmasının 20-ci ildönümünün tamam olduğu bir dövrə təsadüf etdiyini qeyd etmişdir.

Dünya şöhrətli siyasi xadim, müstəqil Azərbaycanın banisi Heydər Əliyevin əsasını qoyduğu sosial-iqtisadi inkişaf strategiyasının Prezident İlham Əliyev tərəfindən qloballaşan dünyanın tələblərinə uyğun son on iki il ərzində uğurla davam etdirilməsini xüsusilə vurğlayan Ağalar Vəliyev məhz bunun sayəsində hazırda ölkəmizin regionda lider, Avropanın enerji təhlükəsizliyində fəal iştirak edən önəmli tərəfdaş və beynəlxalq arenada böyük nüfuzu olan dövlətə çevrildiyini qeyd etmişdir.

Eyni zamanda Ağalar Vəliyev bildirmişdir ki, Azərbaycanla Sloveniya arasında parlamentlərarası münasibətlər də daxil olmaqla siyasi, iqtisadi, humanitar, elmi, mədəni əlaqələr durmadan inkişaf etməkdədir və ölkələrimiz arasında münasibətlərin genişləndirilməsində Prezidenti İlham Əliyevin Sloveniyaya 2006 və 2011-ci illərdəki rəsmi səfərlərinin, Sloveniyanın dövlət, hökumət və parlament rəhbərlərinin Azərbaycana rəsmi səfərlərinin və bu səfərlər zamanı əldə olunan razılaşmaların və imzalanan sənədlərin müstəsna əhəmiyyəti olmuşdur.  

Azərbaycan nümayəndə heyətinin rəhbəri görüş ərzində xalqımız üçün olduqca aktual olan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi məsələsinə və bununla bağlı son duruma ayrıca toxunmuşdur.

Bildirmişdir ki, 20 ildən çoxdur ki, Azərbaycan Ermənistanın təcavüzünə məruz qalıb, tarixi Azərbaycan torpaqları olan Dağlıq Qarabağ Muxtar Vilayətilə yanaşı 7 rayonumuz işğal olunub və bir milyondan çox soydaşımız həmin ərazilərdən deportasiya olunaraq qaçqın taleyi yaşamağa məcbur edilib.

Cari ilin aprel ayı ərzində erməni silahlı qüvvələrinin təxribatları ilə Azərbaycanın cəbhə boyu yerləşən mövqeləri və yaşayış məntəqələri intensiv atəşə tutulub ki, bunun da nəticəsində mülki əhali arasında ölən və yaralananlar olub, 500-dən artıq yaşayış evi və sosial obyekt dağıdılıb.

Səfər çərçivəsində nümayəndə heyəti Sloveniyanın paytaxtı Lyublyana şəhərinin mərkəzi xiyabanlarından olan Şimal Parkında ucaldılan dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin abidəsinin açılış mərasimində iştirak etmişdir. Mərasimdə qeyd edilmişdir ki, XII əsrdə yaşamış Nizami Gəncəvinin yaradıcılığında ümümbəşəri ictimai və siyasi, sosial və mənəvi ideallar parlaq bədii əksini tapmış və onun yaradıcılığı bütövlükdə şərq və qərb xalqlarının ədəbiyyatlarının inkişafına müsbət təsir göstərmiş və dünya mədəniyyəti xəzinəsinə qiymətli incilər kimi daxil olmuşdur.

Memorial abidənin Azərbaycan-Sloveniya dostluq münasibətlərinin parlaq təcəssümü olduğunu vurğulayan Ağalar Vəliyev bunu Sloveniya xalqının Nizami Gəncəviyə olan ehtiramı və bütövlükdə mədəniyyətimizə və tariximizə verilmiş yüksək qiymət kimi dəyərləndirmış və bu işdə əməyi keçmiş hər kəsə minnətdarlığımı bildirmişdir.

Rəsmi səfərin proqramı çərçivəsində Azərbaycan-Sloveniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvlərinin Sloveniyanın işgüzar dairələrilə görüşü olmuşdur. Görüşdə çıxış edən Milli Məclisin deputatı Ağalar Vəliyev qarşılıqlı hörmət və maraq prinsiplərinə əsaslanan Azərbaycan-Sloveniya iqtisadi əlaqələrinin son illər ərzində uğurla inkişaf etdiyini və Azərbaycanın Avropa İttifaqına üzv ölkələrlə, o cümlədən Sloveniya ilə ikitərəfli əməkdaşlığın genişləndirilməsinə böyük önəm verdiyini vurğulamışdır.  

 Bildirmişdir ki, dövlət başçılarının və hökumət rəhbərlərinin qarşılıqlı səfərləri, imzalanmış sənədlər iki ölkə arasında əlaqələrin inkişafına böyük təkan vermiş və indiyədək Azərbaycan və Sloveniya arasında müxtəlif sahələrdə əməkdaşlığı əhatə edən 12 sənəd imzalanmış, 9 sənəd isə hazırda baxılmaqdadır.

Biznes dairələrilə görüşdə Ağalar Vəliyev qeyd etmişdir ki, Azərbaycan-Sloveniya siyasi münasibətlərinin yüksək səviyyədə olduğu indiki dövrdə iqtisadi və ticari əlaqələrimizin daha da genişləndirilməsi, xüsusilə tikinti, İKT, alternatıv enerji, logistika, turizm, əczaçılıq, emal və s. sahələrdə əməkdaşlığımızın gücləndirilməsi üçün çox böyük imkanlar vardır.

Belə ki, Azərbaycanda mövcud olan siyasi və makroiqtisadi sabitlik, iqtisadiyyatın davamlı inkişafı, əlverişli biznes mühiti iş adamlarımız arasında əməkdaşlığın inkişafı üçün böyük perspektivlər yaradır.

Nümayəndə heyətinin rəhbəri vurğulamışdır ki, hazırda ölkəmizdə postneft dövründə yeni iqtisadi siyasətin əsas  konturlarını özündə əks etdirən genişmiqyaslı islahatlar konsepsiyası həyata keçirilir. 

Bu konsepsiyanın aparıcı sahələri olan iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sənayesinin tərəqqisi, sahibkarlığın inkişafı, biznes şəraitinin və investisiya mühitinin  yaxşılaşdırılması məqsədi ilə bir sıra əməli tədbirlər görülmüş və müvafiq qanunvericilik bazası yaradılmışdır.

Görüşün sonunda Ağalar Vəliyev Sloveniyanın biznes dairələrini və iş adamlarını Azərbaycanla daha fəal əməkdaşlığa etməyə dəvət etmişdir. 

Azərbaycan-Sloveniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun nümayəndə heyəti səfər çərçivəsində həmçinin 28 May – Respublika Günü və Azərbaycanla Sloveniya arasında diplomatik əlaqələrin 20 illiyinin tamam olması ilə bağlı təşkil edilmiş rəsmi ziyafətdə iştirak etmiş və Novoqoritsa şəhərində II Dünya müharibəsinin əfsanəvi partizanı, Azərbaycan və Sloveniya Qəhrəmanı Mehdi Hüseynzadənin (Mixaylonun) abidə-məzar kompleksini ziyarət etmişdir.

Bununla da Azərbaycan Respublikası Milli Məclisinin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Ağalar Vəliyevin rəhbərlik etdiyi Azərbaycan-Sloveniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun nümayəndə heyətinin Sloveniya Respublikasına rəsmi səfəri başa çatmışdır.