YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

2015-ci il dövlət büdcəsinin icrası haqqında qanun layihəsi müzakirə edilib

Mayın 20-də Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında “2015-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsi müzakirə edilib.

İclasda, həmçinin “Antidempinq, kompensasiya və mühafizə tədbirləri haqqında” qanun layihəsi ilə bağlı fikir mübadiləsi aparılıb.

Komitənin sədri Ziyad Səmədzadə 2015-ci ilin Azərbaycan iqtisadiyyatı üçün çox uğurlu illərdən biri olduğunu bildirib. O deyib ki, ötən il dövlətimizin başçısının müəyyən etdiyi hədəflər, inkişaf strategiyası uğurla yerinə yetirilib.

Qlobal iqtisadi çətinliklərə baxmayaraq, ölkədə sosial proqramların icrası dayandırılmayıb. Xarici öhdəliklər vaxtında yerinə yetirilib. Hökumətin 2015-ci ildə aparılan iqtisadi siyasəti yüksək qiymətləndirilməlidir.

İclasda çıxış edən maliyyə naziri Samir Şərifov qeyd edib ki, dünya xammal bazarında qiymətlərin aşağı düşməsi, iqtisadi artım templərinin azalması qlobal ticarətə də təsirsiz ötüşməyib. Lakin Azərbaycanda dövlətimizin başçısı tərəfindən atılan çevik addımlar hesabına xarici iqtisadi faktorlardan qaynaqlanan mənfi fəsadların neytrallaşdırılması təmin edilib. Büdcənin icrası ilə bağlı öhdəliklərin icrası yerinə yetirilib. Əhalinin yaşayış səviyyəsi və pul gəlirləri, ölkənin beynəlxalq aləmdə reytinqi artıb, Azərbaycanın regionda iqtisadi mövqeyi daha da möhkəmlənib. Bu nailiyyətlər dünya iqtisadiyyatında mövcud olan qeyri-sabitlik şəraitində qazanılıb.

Nazir deyib ki, 2015-ci il icmal büdcənin gəlirləri 20 milyard 716,8 milyon manat proqnoza qarşı 18 milyard 416 milyon manat və ya 88,9 faiz, xərcləri isə 25 milyard 911 milyon manat proqnoza qarşı 21 milyard 14,7 milyon manat və ya 81,1 faiz icra olunub. Ötən il dövlət büdcəsinin gəlirləri 19 milyard 438 milyon manat proqnoza qarşı 90 faiz icra olunaraq 17 milyard 498 milyon manat olub. Nazir əlavə edib ki, 2015-ci ilin ortalarından etibarən dövlət büdcəsinin xərcləri ilə bağlı qənaətə başlanılıb.

Diqqətə çatdırılıb ki, 2015-ci ildə dövlət büdcəsi gəlirlərinin 8 milyard 130 milyon manatı və ya 46,5 faizi Dövlət Neft Fondundan transfertin, 7 milyard 118,3 milyon manatı və ya 40,7 faizi Vergilər Nazirliyinin xətti ilə daxilolmaların, 1 milyard 591,9 milyon manatı və ya 9,1 faizi Dövlət Gömrük Komitəsinin xətti ilə daxilolmaların, 657,8 milyon manatı və ya 3,7 faizi digər mənbələr üzrə daxilolmaların payına düşür. 2015-ci ildə Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə daxilolmalar nəzərdə tutulduğundan 6,3 milyon manat və ya 0,1 faiz, 2014-cü illə müqayisədə isə 4,6 milyon manat (0,1 faiz) çox icra olunub. Dövlət Gömrük Komitəsinin xətti ilə dövlət büdcəsinə daxilolmalar 1 milyard 590 milyon manat proqnoza qarşı 1 milyard 591,9 milyon manat və ya 100,1 faiz icra olunub ki, bu da 2014-cü illə müqayisədə 81,1 milyon manat (5,4 faiz) çoxdur.

Bildirilib ki, ötən il sosial xərclərin icra edilməsinə üstünlük verilib, lüzumsuz xərclər üzrə qənaət edilib. 2015-ci ildə ölkə iqtisadiyyatının məruz qaldığı xarici qiymət şoklarının qısa və ortamüddətli təsirlərinə cavab olaraq büdcə yığcamlaşdırılması siyasəti davam etdirilib. 2016-cı ilin dövlət büdcəsinə yenidən baxılması nəzərdə tutulmur. 2016-cı ilin fevralında dövlət büdcəsinə düzəlişlər edilib, dövlət və icmal büdcənin gəlirlərinin hesablanması üçün neftin baza qiyməti 25 dollardan götürülüb. Transfertlərin həcmi isə manatla göstərilib. Buna görə də neftin qiymətinin artması və ya azalması Dövlət Neft Fondundan transfertlərə təsir etmir. Hazırda neftin qiyməti dövlət büdcəsində nəzərdə tutulandan yüksək olduğundan Dövlət Neft Fondunun gəlirləri artır.

İclasda Hesablama Palatası büdcənin icrasına rəy verib. Palatanın sədri Vüqar Gülməmmədov deyib ki, ötən il dünya iqtisadiyyatında sistemli böhranın davam etdiyi bir şəraitdə ölkəmiz davamlı iqtisadi inkişaf tempini qoruyub saxlaya bilib. Keçən il dünya bazarında enerji resurslarının qiymətinin aşağı düşməsi tədiyyə balansında kəsirə səbəb olub və əvvəlki illərlə müqayisədə orta illik inflyasiya səviyyəsinin artmasına gətirib çıxarıb. Düşünülmüş iqtisadi siyasət, qeyri-neft sektorunun inkişafının diqqətdə saxlanılması ilə dövlət büdcəsində nəzərdə tutulan gəlir və xərclər tam reallaşdırılıb. Əvvəlki illərlə müqayisədə debitor borcların həcmi azalıb. Sədr dövlət büdcəsinin əsas parametrləri haqqında da məlumat verib.

Müzakirələr zamanı çıxış edən deputatlar Vahid Əhmədov, Əli Məsimli, Aydın Hüseynov, İqtisadiyyat, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliklərinin, Dövlət Gömrük Komitəsinin nümayəndələri “Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin qanunvericiliyə uyğun hazırlandığını söyləyiblər.

Sonra “Antidempinq, kompensasiya və mühafizə tədbirləri haqqında” qanun layihəsinin üçüncü oxunuşda müzakirəsi keçirilib. Bildirilib ki, sənədin əvvəlki müzakirəsi zamanı deputatların səsləndirdikləri təkliflərə yenidən baxılıb, bir sıra təkliflər sənəddə öz əksini tapıb.

Müzakirələrdən sonra hər iki sənəd Milli Məclisin plenar iclasının müzakirəsinə tövsiyə olunub.