YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Respublika Günü Vaşinqtonda təntənəli şəkildə qeyd olunub

Ölkəmizin ABŞ-dakı səfirliyi tərəfindən Vaşinqtonda 28 May - Respublika Günü və qarşıdan gələn Azərbaycan Silahlı Qüvvələr Günü münasibətilə təntənəli ziyafət təşkil edilib.

ABŞ paytaxtının ən mötəbər tarixi binalarından biri olan “Endryu Melon Auditorium”da (Andrew Mellon Auditorium) keçirilən ziyafətə ABŞ Administrasiyasının rəsmiləri, bu ölkənin hərbi qüvvələrinin yüksək rütbəli zabitləri, müxtəlif dövlət və ictimai qurumların çoxsaylı nümayəndələri, diplomatik korpus, akademik dairələr və yerli ictimaiyyətin təmsilçiləri, həmçinin azərbaycanlı, türk və yəhudi icmalarının üzvləri də daxil olmaqla minə yaxın qonaq qatılıb.

Tədbirin əvvəlində ölkəmizin ABŞ-dakı səfirliyinin əməkdaşlıq etdiyi Vaşinqton şəhərinin “Takoma” Təhsil Mərkəzinin azyaşlı şagirdlərindən ibarət xorun ifasında ABŞ-ın və Azərbaycanın dövlət himnləri səslənib.

Ziyafətdə çıxış edən ölkəmizin ABŞ-dakı səfiri Elin Süleymanov 98 il öncə müsəlman Şərqində ilk demokratik parlament respublikasının məhz Azərbaycanda qurulduğunu xatırladıb, cəmi 23 ay yaşamasına baxmayaraq, ADR-in əvəzsiz miras buraxdığını bəyan edib. Qısa müddət ərzində Azərbaycan qadınların səsvermə hüququ başda olmaqla müxtəlif mütərəqqi ideyaları təşviq edib. Səfir 25 il əvvəl Azərbaycan xalqının müstəqillik qazandıqdan sonra yenidən eyni amal və məramlara sadiq qaldığını vurğulayıb. O, bu gün Azərbaycanın möhkəm dövlətçilik ənənələri olan, müstəqilliyinə bağlı, eyni zamanda, müxtəlif sahələrdə böyük yaradıcılıq nümayiş etdirən bir ölkə olduğunu bildirib. ABŞ-ın Azərbaycanın müstəqilliyinə göstərdiyi davamlı dəstəyi yüksək qiymətləndirən E.Süleymanov iki ölkə arasında mövcud münasibətlərin əhəmiyyətini qeyd edib.

Azərbaycanda hökm sürən dözümlülük mühitinə toxunan səfir bunun ölkəmiz və onun rəhbərliyinin şüurlu seçiminin nəticəsi olduğunu bildirib. Diplomat bu mənada Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2016-cı ilin ölkəmizdə “Multikulturalizm ili” elan olunduğunu göstərib.

Bundan başqa, səfir iki gün əvvəl Yunanıstanda keçirilən Trans-Adriatik qaz boru kəmərinin (TAP) təməlqoyma mərasimini tarixi hadisə kimi xarakterizə edib.

Çıxışının sonunda diplomat aprelin ayının əvvəllərində Ermənistan və Azərbaycan arasında atəşkəsin pozulmasına toxunub, beynəlxalq hüququn pozulması və ərazi bütövlüyü prinsipinə hörmət edilməməsinin törətdiyi ağır nəticələr barədə danışıb. O, Dağlıq Qarabağ münaqişəsinə beynəlxalq hüququn prinsipləri əsasında həll tapılmalı olduğunu vurğulayıb.

Dövlət katibinin köməkçisi vəzifəsi icra edən səfir Con Heffern ABŞ Administrasiyası adından çıxış edərək Respublika Günü münasibətilə Azərbaycan xalqını təbrik edib, iki ölkə arasında enerji və müxtəlif sahələrdə mövcud olan möhkəm tərəfdaşlıq barədə danışıb. O, həmçinin iqtisadi sahədə əməkdaşlıq, qədim İpək Yolunun bərpası üzrə aparılan işləri qeyd edib. ABŞ-ın Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün göstərdiyi səylərdən bəhs edən diplomat bu baxımdan bir neçə gün öncə dövlət katibi Con Kerrinin iştirakı ilə Azərbaycan və Ermənistan prezidentlərinin Vyana görüşünü qeyd edib. Con Heffern ABŞ hökumətinin münaqişənin sülh yolu ilə həllinə dəstəyini bir daha ifadə edib.

Sonra Vaşinqton şəhərinin meri xanım Muriel Bauzerin (Muriel Bowser) adından Kolumbiya mahalının katibi Lauren Voqan (Lauren C. Vaughan) 28 mayın ABŞ paytaxtında Azərbaycan Milli Günü elan edilməsinə dair bəyannaməni ziyafət iştirakçılarına oxuyub.

ABŞ-ın Milli Qvardiya Tərəfdaşlıq Proqramı çərçivəsində Azərbaycanın tərəfdaşı olan Oklahoma Ştatının milli qvardiyasını təmsil edən briqada generalı Tomas Rayn ölkəmizlə 14 ildən bəri davam edən məhsuldar əməkdaşlığı yüksək qiymətləndirib, Respublika Günü münasibətilə Azərbaycan xalqına təbriklərini çatdırıb.

Ziyafətin mədəni hissəsində qonaqlara Vaşinqtonda fəaliyyət göstərən “Silk Road Dance Company” rəqs qrupu tərəfindən milli rəqslərimiz, eləcə də rəngarəng musiqi proqramı təqdim edilib. Sonda tədbir iştirakçıları Azərbaycan mətbəxinin ləziz təamlarından dadıblar.