YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Əli Həsənov: Silahlı Qüvvələrimizin düşmən üzərində qazandığı qələbə Azərbaycan tarixinin ən önəmli hadisələrindən biri kimi yadda qalacaq

Mayın 16-da Azərbaycan Respublikası Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov Füzuli rayonunda məskunlaşmış məcburi köçkünlər üçün salınan yeni qəsəbədə tikinti işlərinin gedişi ilə tanış olub.

Füzuli rayonuna səfəri zamanı Baş nazirin müavini Əli Həsənov əvvəlcə aprelin ilk günlərində Azərbaycan Ordusunun Ermənistan silahlı qüvvələrinin işğalından azad etdiyi strateji əhəmiyyətli “Lələtəpə” yüksəkliyinə gəlib, burada əsgərlər və zabitlərlə görüşüb.

Əli Həsənov bildirib ki, gənc nəslin nümayəndələrini tez-tez belə yerlərə gətirmək və onlarda vətənpərvərlik hisslərini gücləndirmək lazımdır. O, Silahlı Qüvvələrimizin aprelin əvvəllərində düşmən üzərində qazandığı qələbənin Azərbaycan tarixinin ən önəmli hadisələrindən biri kimi yadda qalacağını qeyd edib. Eyni zamanda, bu qələbəni qazanan əsgərlərimizin də zəfərinin tarixə düşdüyünü deyən Əli Həsənov bunun çox böyük hadisə olduğunu vurğulayıb. Əli Həsənov qeyd edib ki, Prezident, Ali Baş Komandan İlham Əliyev tərəfindən əsgərlərə yaradılan yüksək şərait bizim üçün qürurvericidir. O, Ali Baş Komandan İlham Əliyevin diqqət və qayğısı nəticəsində bu gün Azərbaycan Ordusunun nəinki regionda, dünya miqyasında güclü ordular sırasında olduğunu, Silahlı Qüvvələrimizin maddi-texniki bazasının böyük dərəcədə möhkəmləndiyini bildirib.

Baş nazirin müavini, həmçinin Ordumuzda nizam-intizamın, qələbə əzminin yüksək səviyyədə olduğunu, aprel döyüşlərinin bunu bir daha sübut etdiyini söyləyib. Əli Həsənov vurğulayıb ki, bu gün nəinki orduda, bütün cəmiyyətdə vətənpərvərlik hissi çox yüksək səviyyədədir.

Əsgərlər üçün yaradılan şəraitlə tanış olan Baş nazirin müavini əldə edilən nailiyyətlərdə Müdafiə Nazirliyinin uğurlu fəaliyyətini yüksək qiymətləndirib, əsgər və zabitlərə yeni-yeni qələbələr arzulayıb.

“Bütün cəmiyyət vahid amal uğrunda birləşib. Bizim üçün Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllindən vacib məsələ yoxdur. Bu, ən birinci məsələdir. Əminik ki, İlham Əliyev kimi Ali Baş Komandanı olan qüdrətli Azərbaycan Ordusu işğal altındakı torpaqlarımızı tezliklə düşməndən azad edəcək və məcburi köçkünlər öz doğma yurdlarına qayıdacaqlar”, - deyə Əli Həsənov vurğulayıb.

Sonra Baş nazirin müavini rayon ərazisində fin tipli qəsəbədə məskunlaşmış məcburi köçkünlərlə görüşüb, onların bir sıra problemlərini dinləyib. Əli Həsənov burada məskunlaşan məcburi köçkünlərin tezliklə rayon ərazisində onlar üçün tikilən, bütün infrastruktur obyektləri olacaq yeni müasir qəsəbəyə köçürüləcəyini diqqətə çatdırıb.

Baş nazirin müavini Əli Həsənov bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində doğma yurdlarından didərgin düşmüş qaçqın və məcburi köçkünlərə hər zaman xüsusi diqqət və qayğı göstərir, onların problemlərinin həlli istiqamətində ardıcıl olaraq qərarlar qəbul edilir. Bu həssas məsələyə prinsipiallıqla yanaşma Prezident İlham Əliyevin fəaliyyətinin prioritetlərindəndir. Bu fəaliyyət təkcə ölkə daxilində deyil, beynəlxalq aləmdə də yüksək qiymətləndirilir.

Azərbaycan Prezidenti İlham Əliyevin onların rahat, firavan həyatı haqqında hər zaman düşündüyünü və bunu daim hiss etdiklərini deyən məcburi köçkünlər göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına dərin minnətdarlıqlarını bildiriblər. Onlar həmişə Prezident İlham Əliyevə arxalandıqlarını, dövlətimizin başçısının müdrik, qətiyyətli və prinsipial siyasəti nəticəsində torpaqlarımızın tezliklə düşməndən azad olunacağına, doğma yurdlarına qayıdacaqlarına inandıqlarını qeyd ediblər.

Mayın 17-də Əli Həsənov Füzuli rayonu ərazisində məcburi köçkünlər üçün yeni salınan qəsəbədə tikinti işlərinin gedişi ilə tanış olub.

Burada inşaat işlərini yerinə yetirən şirkətlərin nümayəndələrinin iştirakı ilə keçirilən müşavirədə müvafiq müzakirələr aparılıb. Baş nazirin müavini qəsəbənin tikintisində çalışan şirkətlərin rəhbərləri ilə birlikdə tikinti sahəsinə baxış keçirib, işlərin vaxtında və yüksək keyfiyyətlə başa çatdırılması ilə bağlı konkret tapşırıqlar verib.

Müşavirədə bildirilib ki, Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 1 iyul tarixli Sərəncamı ilə təsdiq edilən “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”na 2007-ci il 31 oktyabr tarixli 2475 nömrəli Sərəncamla edilmiş “Əlavələr”in 1.1-ci bəndinin icrası ilə əlaqədar olaraq Füzuli rayonu ərazisində fin tipli qəsəbədə müvəqqəti məskunlaşan məcburi köçkün ailələri üçün bütün zəruri sosial-texniki infrastruktur obyektləri ilə birlikdə salınan qəsəbədə işlər davam etdirilir. Layihəyə əsasən qəsəbədə 20-si birotaqlı, 200-ü ikiotaqlı, 168-i üçotaqlı, 12-si dördotaqlı olmaqla 400 mənzil olacaq. Ərazidə bundan əlavə 360 şagird yerlik məktəb binası, 120 yerlik uşaq bağçası, tibb məntəqəsi, klub-icma mərkəzi, poçt binası və inzibati bina da tikilir. Qəsəbə qaz, su və elektrik ilə tam təchiz olunacaq.

Baş nazirin müavini Əli Həsənov inşaat işlərinin gedişi ilə yaxından tanış olduqdan sonra tikinti şirkətlərinin rəhbərlərinin təkliflərini dinləyib. Əli Həsənov tikinti şirkətlərinin rəhbərlərinə işlərin vaxtında və keyfiyyətlə başa çatdırılması ilə bağlı konkret tapşırıqlar verib və işlərin tikinti qaydalarına uyğun olaraq yüksək səviyyədə icra olunmasının vacibliyini bildirib.

Baş nazirin müavini bir daha vurğulayıb ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin diqqət və qayğısı ilə hər il minlərlə məcburi köçkünün mənzil-məişət şəraiti yaxşılaşdırılır. Füzuli rayonu ərazisində salınan bu qəsəbə dövlətimizin başçısının sərəncamları ilə təsdiq edilən Dövlət Proqramının müvafiq bəndinə əsasən inşa edilir.

Məcburi köçkünlərin məskunlaşdırılmasının ölkəmizin qarşısında duran prioritet məsələ olduğunu qeyd edən Əli Həsənov bildirib ki, dövlətimizin başçısı qaçqın və məcburi köçkünlərin problemlərini daim diqqət mərkəzində saxlayır və bu məqsədlə qarşıya konkret vəzifələr qoyub. Bu vəzifələrin yüksək səviyyədə həlli istiqamətində Prezident İlham Əliyevin müəyyən etdiyi strategiya, həmçinin dövlətimizin başçısının qaçqınlara və məcburi köçkünlərə diqqət və qayğısından irəli gələn tapşırıqlar vaxtından əvvəl və keyfiyyətlə yerinə yetirilməlidir.

Qərara alınıb ki, tikinti işlərinin sürətlə aparılması ilə yanaşı, keyfiyyətə də ciddi fikir verilməli və yaşayış kompleksi bütün infrastruktur obyektləri ilə birlikdə yüksək səviyyədə təhvil verilməlidir.