YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycanda dövlət səviyyəsində həyata keçirilən multikulturalizm siyasəti artıq bir örnəyə çevrilib

Azərbaycanda dövlət səviyyəsində həyata keçirilən multikulturalizm siyasəti artıq bir örnəyə çevrilib.

Bu fikir Azərbaycanın Vyetnamdakı səfirliyi, Azərbaycan Tarixi və Mədəniyyətinin Araşdırmaları Mərkəzinin birgə təşkilatçılığı ilə Hanoyda keçirilən “Azərbaycan və Vyetnam mədəniyyətlərinin paralelləri. Multikulturalizm: sülhə və sabitliyə aparan yol” mövzusunda konfransda səslənib.

Vyetnamın dövlət qurumlarının və Kommunist Partiyasının nümayəndələrinin, elm xadimlərinin, gənc tədqiqatçıların, tələbələrin, Azərbaycanın ali təhsil ocaqlarının vyetnamlı məzunlarının, jurnalistlərin iştirak etdiyi konfransda çıxış edən ölkəmizin Vyetnamdakı səfiri Anar İmanov xalqlarımız arasında tarixən mövcud olan dostuq münasibətlərindən danışıb, bu ölkənin keçmiş Prezidenti Xo Şi Minin 1959-cu ildə Azərbaycana, xalqımızın ümummilli lideri Heydər Əliyevin 1983-cü il Vyetnama səfəri ilə iki xalq arasında dostluq münasibətlərin əsasının qoyulduğunu diqqətə çatdırıb. Səfir dostluq münasibətlərinin müasir dövrdə də uğurla davam etdirildiyini bildirərək, bu xüsusda 2014-cü ilin mayında Prezident İlham Əliyevin Vyetnama dövlət səfəri və ötən il Vyetnam Prezidenti Çıonq Tan Şanqın Azərbaycana rəsmi səfərlərinin bütün sahələr üzrə ikitərəfli münasibətlərin inkişafına böyük töhfələr verdiyini diqqətə çatdırıb.

Səfir A.İmanov hər iki xalqın mədəniyyətlərindəki oxşarlıqların dostluq münasibətlərinin daha da möhkəmlənməsində böyük rol oynadığını vurğulayıb, vətənə və millətə sevgi, ailə dəyərlərində oxşarlıq, qonaqpərvərlik, milli adət-ənənələrin qorunub saxlanması və digər bənzərlikləri misal olaraq göstərib. Həmçinin Novruz bayramının və Vyetnamda ay təqvimi ilə keçirilən Yeni il bayramının qeyd olunmasında bir çox oxşarlıqların mövcud olduğunu diqqətə çatdırıb.

Diplomat cari ilin Azərbaycanda “Multikulturalizm ili” elan olunduğunu bildirərək, bu sahədə ölkəmizdə həyata keçirilən dövlət siyasətindən danışıb.

O, ötən ay Bakının BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumuna ev sahibliyi etdiyini, belə bir mötəbər tədbirin Azərbaycanda təşkil edilməsinin Prezident İlham Əliyevin rəhbərliyi altında mədəniyyətlərarası dialoq və multikulturalizm dəyərlərinin təşviqi sahəsində həyata keçirilən uğurlu dövlət siyasətinin nəticəsi olduğunu vurğulayıb. Səfir multikulturalizmin inkişafa, sülhə və sabitliyə aparan əsas amillərdən biri olduğunu bildirib, ölkəmizdə müxtəlif millətlərin və dinlərin nümayəndələrinin sülh, əmin-amanlıq, qarşılıqlı anlaşma və dialoq şəraitində yaşadığını deyib.

Azərbaycan Tarixinin və Mədəniyyətinin araşdırmaları Mərkəzinin direktoru Dao Suan Tien Azərbaycan və Vyetnam xalqlarının qədim tarixə və zəngin mədəniyyətə malik olduğunu, uzun illər xarici işğalçılara qarşı mübarizə aparan hər iki xalqın öz suverenliyini, mədəniyyətini, adət-ənənələrini qoruduğunu bildirib. O, uzun sürən müharibədən sonra müxtəlif sahələr üzrə Vyetnamın inkişafına öz töhfəsini vermiş azərbaycanlı mütəxəssislərin fəaliyyətini xalqlarımız arasında fədakar dostluq münasibətlərinin bariz nümunəsi kimi qiymətləndirib, Vyetnam xalqının bu yaxşılığı heç zaman unutmayacağını bildirib.

Dao Suan Tien hazırda hər iki ölkənin sürətlə inkişaf etdiyini, müasirləşdiyini qeyd edib, bununla belə öz tarixi abidələrini və mədəniyyət nümunələrini qoruyub saxlamasının böyük əhəmiyyət kəsb etdiyini deyib.

Son illər iki ölkə arasında əməkdaşlığın inkişafından söhbət açan Vyetnam Xarici İşlər Nazirliyinin mədəni diplomatiya və UNESCO idarəsinin rəis müavini, səfir Vu Binh bildirib ki, 2014-cü ildə Azərbaycan Prezidenti İlham Əliyevin Vyetnama səfəri bu baxımdan dönüş nöqtəsidir. O, qeyd olunan səfərdən sonra iki ölkə arasında qarşılıqlı səfərlərin davam etdirildiyini və müxtəlif sahələr üzrə əməkdaşlığın möhkəmləndiyini vurğulayıb.

Vu Bin Azərbaycanda dövlət səviyyəsində həyata keçirilən multikulturalizm siyasətinin artıq bir örnəyə çevrildiyini və bu sahədə təcrübə mübadiləsinin faydalı olacağını bildirib. O, multikulturalizmin xüsusilə müasir dövrümüzdə etnik, dini, irqi zəmində baş verən münaqişələrin həll olunmasında böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb.

Vyetnamın Elm və Texnologiya Assosiasiyaları Birliyinin vitse-prezidenti Nqiem Vu Xay Azərbaycanda təhsil aldığı illərdə ölkəmizin tarixi, mədəniyyəti, adət-ənənələri ilə yaxından tanış olmaq imkanı qazandığını və hər iki xalqın mədəniyyətində ortaq cəhətlərin çox olduğunu deyib. O, Azərbaycan xalqının çalışqanlığı, mehribanlığı, qonaqpərvərliyi, köməksevərliyini xüsusi vurğulayıb, məhz bu müsbət xüsusiyyətləri ilə əlaqədar vyetnamlı tələbələrin Azərbaycanda özlərini yad hiss etmədiklərini, buranı özləri üçün ikinci vətən hesab etdiklərini deyib.

Konfransda, həmçinin Azərbaycan Tarixi və Mədəniyyətinin Araşdırmaları Mərkəzinin direktor müavini Van Dinh Unq, Hanoy Sosial Elmlər və Texnologiya Universitetinin professoru və Vyetnam Şairlər Assosiasiyasının sədri Bui Minh Tri, Vyetnam Dövlət Universitetinin professoru Nquyen Çu Hoy, Geologiya və Mineral Resurslar İnstitutunun professoru Vo Suan Dinh, Vyetnam Ədliyyə Nazirliyinin “Demokratiya və Hüquq” qəzetinin jurnalisti Phunq Nqoc Duc, “Mən Azərbaycan haqqında nə bilirəm?” inşa müsabiqəsinin qalibi Tran Thi Phuonq Thao çıxış ediblər.

Sonra Azərbaycanda multikulturalizm ənənələri haqqında video nümayiş etdirilib, tədbir iştirakçılarına “İRS” jurnalının Vyetnam dilində buraxılışı paylanılıb.

Tədbirdə 1970-ci ildə Azərbaycan Neft və Kimya İnstitutunda keçirilmiş musiqi festivalında vyetnamlı tələbələrdən ibarət ansamblın Xəzər neftçiləri haqqında ifa etdikləri mahnının lent yazısının nümayiş etdirilməsi və Azərbaycanda təhsil almış Danq Thi Lan Anın “Tələbə” mahnısını canlı ifa etməsi böyük maraqla qarşılanıb.