Xəbərlər
Akif Əlizadə: Azərbaycan elminin inkişafı naminə AMEA-ya hər cür qayğı göstərilir

«Alimlərimizin əməyinin stimullaşdırılması ilə bağlı təkliflər ölkə rəhbərliyi tərəfindən böyük həssaslıqla qarşılanır. Azərbaycan elminin inkişafı naminə AMEA-ya hər cür qayğı göstərilir». Bu fikirləri AMEA-nın prezidenti, akademik Akif Əlizadə deyib.
A.Əlizadə bildirib ki, Azərbaycanın elmi potensialı dövlətin diqqət və qayğısı, həmçinin özünün daxili intellektual səfərbərliyi sayəsində yeni dövrün tələbləri baxımından daha da mütəşəkkilləşəcək. Onun sözlərinə görə, elmimiz respublikanın sosial-iqtisadi və mədəni-mənəvi inkişafında bundan sonra da yaxından iştirak edəcək, dünya elminə öz layiqli töhfələrini verəcək.
«“Azərbaycan Milli Elmlər Akademiyasının 2020-ci ilə qədər İnkişaf Konsepsiyası” da mühüm sənəddir. Konsepsiyada elmi fəaliyyətin yeni əsaslarla təşkili, tədqiqatların prioritet istiqamətlərinin müəyyənləşdirilməsi, yüksəkixtisaslı kadrların hazırlanması, elmi işçilərin sosial təminatının yaxşılaşdırılması və elmi infrastrukturun müasirləşdirilməsi kimi mühüm məsələlər nəzərdə tutulur. Maliyyələşdirmə mexanizimləri, maddi-texniki və normativ-hüquqi bazanın təkmilləşdirilməsi, həmçinin beynəlxalq elm məkanına inteqrasiya da konsepsiyada elmin inkişafına xidmət edən hədəflərdəndir»- deyə, A.Əlizadə vurğulayıb.