YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Prezident İlham Əliyev: Növbəti illərdə görüləcək işlər bizi daha da gücləndirəcək

Azərbaycan gələcək illərdə beynəlxalq aləmdə daha da böyük hörmətə layiq olacaqdır. Ölkə daxilində proseslər müsbət istiqamətdə gedir. Bizim regional əməkdaşlıqla bağlı təşəbbüslərimiz nəinki ölkəmizi, qonşu ölkələri də gücləndirir. Bizdə gələcək inkişafla bağlı çox dəqiq proqramlar var və gələcəyə baxışımız çox dəqiqdir. Növbəti illərdə görüləcək işlər bizi daha da gücləndirəcəkdir.

Bu fikirləri Prezident İlham Əliyev mayın 9-da ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü və faşizm üzərində Qələbənin 71 illiyi münasibətilə keçirilən rəsmi qəbulda söyləyib.

“Ölkəmizin gələcək inkişafı ilə bağlı bizdə heç bir şübhə yoxdur. Azərbaycan bundan sonra da inkişaf yolu ilə gedəcək”, - deyən dövlətimizin başçısı vurğulayıb ki, ölkə qarşısında duran bütün problemlər öz həllini tapır, tapacaq, o cümlədən sosial sahədə. Baxmayaraq ki, neftin qiyməti 3-4 dəfə düşüb, Azərbaycanda maaşlar və pensiyalar bu il 10 faiz artırılıb, sosial proqramlar icra edilir, məktəb, xəstəxana tikintisi, köçkünlərin problemləri və digər sosial məsələlər öz həllini tapır.

“Qarşımızda duran əsas vəzifə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllidir. Biz bu istiqamətdə həm siyasi, həm diplomatik və digər amillərdən istifadə edərək öz mövqeyimizi danışıqlar prosesində gücləndiririk. Haqq-ədalət bizim mövqeyimizi dəstəkləyir, müdafiə edir”, - deyə Prezident İlham Əliyev qeyd edib.

Dövlətimizin başçısı vurğulayıb ki, Dağlıq Qarabağ tarixi, əzəli Azərbaycan torpağıdır, hüquqi cəhətdən Azərbaycanın ayrılmaz hissəsidir. Beynəlxalq təşkilatların qəbul etdikləri qərar və qətnamələr bizim mövqeyimizi gücləndirir və müdafiə edir.