YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan Prezidenti: öz müqəddəratını təyinetmə prinsipi ölkələrin ərazi bütövlüyünü şübhə altına salmamalıdır

“Xarici siyasət sahəsində əldə etdiyimiz ən böyük nailiyyətlərdən biri iki il yarım əvvəl baş verdi. Azərbaycan 155 üzv dövlətin böyük dəstəyi ilə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçildi. Bu, beynəlxalq səhnədə mümkün olan ən böyük siyasi və diplomatik nailiyyət idi. Baxmayaraq ki, ölkəmiz gəncdir və dünyada o qədər də çox tanınmasa da biz öz namizədliyimizi irəli sürdük və dostlarımız atdığımız addımlara böyük etimad göstərdilər. BMT Təhlükəsizlik Şurasının fəal üzvü kimi Azərbaycan iki il ərzində sülh, təhlükəsizlik, sabitlik, ədalət amallarının və beynəlxalq hüquq normalarının həyata keçirilməsini təşviq etdi. Əslində, bu, bizim hazırkı prioritetlərimizdən biridir”. Bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev ATƏT Parlament Assambleyasının Bakıda keçirilən iyirmi üçüncü illik sessiyasının plenar iclasının açılış mərasimində çıxışı zamanı səsləndirmişdir.

Prezident İlham Əliyev daha sonra bildirmişdir ki, bu yaxınlarda Avropa Şurasının Parlament Assambleyasında nitq söyləyərkən prioritetlərimizi açıqlamışdır: “Burada onların hamısına yenidən toxunmaq istəməzdim. Lakin onlardan biri beynəlxalq hüquq normalarının qlobal səviyyədə bərqərar olunması üçün mexanizmlərin işlənib hazırlanmasından ibarətdir. Bu halda beynəlxalq təşkilatların qərar və qətnamələrinin icra mexanizmləri nəzərdə tutulur. Əfsuslar olsun ki, biz ayrı-seçkiliyə əsaslanan yanaşmanın şahidi oluruq. Bu məsələ Azərbaycan xalqını çox narahat edir. Görürük ki, BMT Təhlükəsizlik Şurasının bəzi qətnamələri bir neçə saat ərzində icra olunur. Digər qətnamələr isə sadəcə kağız üzərində qalır. Azərbaycana gəldikdə, bu, artıq 20 ildir ki, davam edir. Buna görə də ümumi meyarların, beynəlxalq təşkilatların qərarlarının həyata keçirilməsi mexanizmlərinin işlənib hazırlanması Avropa Şurasının Nazirlər Komitəsinin sədri kimi bizim, o cümlədən beynəlxalq ictimaiyyət üçün prioritetlərdən biridir. Belə olmasa, mühüm təşkilatların qərarları kağız üzərində qalacaqdır. Həmin təşkilatlara olan etimad da azalacaqdır”.

“Azərbaycan bu vəziyyətdən əziyyət çəkir, çünki biz 20 ildən çoxdur ki, erməni təcavüzü və işğalı ilə üzləşmişik. Dağlıq Qarabağ Azərbaycanın tarixi hissəsidir, Azərbaycanın 20 ildən çoxdur ki, Ermənistan tərəfindən işğal edilən əzəli torpağıdır. Beynəlxalq səviyyədə tanınan ərazimizin 20 faizi işğal altındadır, 1 milyon azərbaycanlı öz doğma ölkəsində qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Biz etnik təmizləməyə məruz qalmışıq. Ermənilər Xocalı şəhərində azərbaycanlılara qarşı soyqırımı törədiblər. Bu soyqırımı artıq dünyanın 10 ölkəsi tərəfindən tanınıb. Beynəlxalq hüquq normaları pozulub. BMT Təhlükəsizlik Şurası Ermənistan qoşunlarının işğal edilən ərazilərdən qeyd-şərtsiz və dərhal çıxarılmasını tələb edən 4 qətnamə qəbul edib. Bu qətnamələr icra olunmamış qalır, kağız üzərində qalır. Münaqişənin həlli üçün atılacaq addımları aydın şəkildə müəyyən edən ATƏT-in qərarları, xüsusən də Lissabon Zirvə görüşünün qərarları da kağız üzərində qalır. Avropa Parlamenti, Avropa Şurasının Parlament Assambleyası, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı və digər təşkilatlar qərar və qətnamələr qəbul ediblər. Ermənistan sadəcə onlara məhəl qoymur. Onlar özlərinə məxsus olmayan ərazilərdən çıxmaq istəmirlər, mövcud vəziyyəti qoruyub saxlamaq fikrindədirlər. Onlar hətta ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin dövlət başçılarının verdiyi bəyanatlara belə məhəl qoymurlar. ABŞ, Rusiya və Fransa prezidentləri aydın şəkildə bəyan ediblər ki, status-kvo qəbuledilməzdir. Bu, o demədir ki, status-kvo dəyişilməlidir. Status-kvonu dəyişmək üçün Ermənistan öz qoşunlarını torpaqlarımızdan çıxarmağa başlamalıdır. Lakin Ermənistan bu bəyanatlara məhəl qoymur. Buna görə də beynəlxalq təşkilatların qərarlarının icrası, Azərbaycanın ərazi bütövlüyünün bərpası və münaqişələrin ölkələrin ərazi bütövlüyü əsasında həlli hər hansı qarşıdurmanın uğurla aradan qaldırılması üçün əsas şərtlərdən biridir.

Öz müqəddəratını təyinetmə prinsipinə gəldikdə isə, biz Helsinki Yekun Aktına diqqətlə baxsaq görərik ki, öz müqəddəratını təyinetmə prinsipi ölkələrin ərazi bütövlüyünü şübhə altına salmamalıdır. Bundan əlavə, ermənilərin artıq müstəqil dövləti vardır, onlar artıq öz müqəddəratını təyin ediblər. Buna görə də tarixi Azərbaycan ərazilərində ikinci erməni dövlətinin yaradılması üçün heç bir əsas yoxdur. Nəzərə almalıyıq ki, hazırkı Ermənistan dövləti Azərbaycan torpaqları hesabına yaradılıb” – deyə, Prezident  İlham Əliyev bildirmişdir.

DİGƏR Xəbərlər Arxiv