YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sergey Lavrov: Yaxın vaxtlarda ATƏT həmsədrlərinin iştirakı ilə Dağlıq Qarabağa dair görüş planlaşdırılır

Moskva, çətin olsa da, Dağlıq Qarabağ münaqişəsinin siyasi yolla həlli ideyasının sənədli rəsmiləşdirilməsini mümkün hesab edir. Bunu “RİA Novosti” informasiya agentliyinə müsahibəsində Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib. Nazir deyib: “Siyasi prosesin, siyasi nizamlanmanın alternativi yoxdur. Tərəflərin müzakirə etdiyi məlum ideyalar var. Mən əvvəllər də olduğu kimi, əminəm ki, çətin olsa da, bütün tərəflər üçün məqbul sayılacaq bu ideyaları sənədlərdə rəsmiləşdirmək olar”.

Rusiyanın xarici işlər naziri Dağlıq Qarabağın müstəqilliyinin tanınmasını müzakirə etməklə bağlı Ermənistan parlamentarilərinin təşəbbüsündə təlaşa səbəb görmür. S.Lavrovun sözlərinə görə, rəsmi İrəvan inandırır ki, bölgənin statusu birtərəfli qaydada müəyyən edilməyəcək. Nazir vurğulayıb: “Dağlıq Qarabağın tanınmasının müzakirəsi haqqında xəbərə gəldikdə isə, bunu müzakirə edən Ermənistan deyil. Bu, iki parlament üzvünün təklifidir. Ermənistan hökuməti də ehtirasları sakitləşdirmək üçün, hamıya verdikləri izaha görə, onların öz qanunlarına uyğun bu qanun layihəsinə dair rəy hazırlamalıdır. Mən indidən nə həyəcan təbili döyərdim, nə də təlaşa düşməzdim”.

“Dağlıq Qarabağla bağlı yaxın vaxtlarda danışıqlar planlaşdırılırmı” sualına cavab verərək S.Lavrov qeyd edib ki, yaxın vaxtlarda ATƏT-in Minsk qrupu həmsədrlərinin iştirakı ilə Dağlıq Qarabağa dair görüş keçiriləcək. O, əlavə edib: “Bəli, planlaşdırırıq, çünki məsələ xüsusi diqqət tələb edir. Tezliklə belə görüşü razılaşdıracağıq. Təbii ki, həmsədrlərin və tərəflərin iştirakı ilə. Axı bu iş kollektiv format tələb edir”.

Rusiya XİN rəhbəri qeyd edib ki, Moskva əsas vəzifəni bu yöndə effektiv mexanizmləri işləyib hazırlamaqla Dağlıq Qarabağda istənilən atəşkəs pozuntusunu dayandırmaqda görür. S.Lavrov deyib: “Əlbəttə, indi ən mühüm məsələ hər hansı yeni qurbanların və atəşkəs pozuntusunun qarşısını almaqdır. Bunun üçün təsirli tədbirlər, təsirli mexanizmlər hazırlanmalıdır”.