YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Prezident İlham Əliyev: Verdiyimiz vədlər həmişə gördüyümüz işlərlə üst-üstə düşür

Azərbaycan Prezidenti İlham Əliyev ATƏT Parlament Assambleyasının Bakıda keçirilən iyirmi üçüncü illik sessiyasının plenar iclasının açılış mərasimində çıxışı zamanı qeyd etmişdir: “Azərbaycan qədim diyardır. Bu ölkənin böyük mədəniyyəti və tarixi vardır, lakin müstəqillik baxımından gənc ölkədir. Təxminən 23 ildir ki, biz müstəqil ölkə kimi yaşayırıq. Bu illər dövlətçiliyimiz, inkişafımız, gələcəyimiz üçün mühüm illər olub. Biz müstəqil dövlət qurmalı, müstəqil dövlətin əsaslarını yaratmalı, eyni zamanda, yeni siyasi sistem yaratmalı idik. Əslində, əvvəllər bizim heç bir siyasi sistemimiz olmayıb. Ona görə də demokratik təsisatların yaradılması, siyasi islahatların aparılması uğurlu inkişafımızın əsasını təşkil edib.

Siyasi və iqtisadi islahatların eyni zamanda həyata keçirilməsi bizi böyük çətinliklərdən sığortaladı, sabit ölkə qurmağa imkan yaratdı və davamlı inkişafı mümkün etdi. Siyasi sahəyə gəldikdə, bildirmək istəyirəm ki, bu gün Azərbaycan funksional demokratik təsisatlara malik olan ölkədir. Biz demokratiyanın və qanunun aliliyinin inkişaf etdirilməsi, eləcə də fundamental azadlıqların təmin edilməsi üçün bir çox səylər göstəririk. Hesab edirəm ki, bu istiqamətdə böyük müvəffəqiyyətlər qazanmışıq. Azərbaycanda bütün fundamental azadlıqlar - toplaşmaq, təşkilatlanmaq, ifadə, media azadlıqları təmin edilir. Azərbaycanda yüzlərlə çap mediası vardır, internet azaddır, əhalimizin 70 faizdən çoxu internet istifadəçisidir”.

Bütün bunları uğurlu inkişaf üçün ilkin şərt kimi dəyərləndirən Prezident İlham Əliyev: “Çünki biz yalnız iqtisadi islahatları aparmaqla öz məqsədimizə nail ola bilməzdik. Məqsədimiz isə müasirləşmədir. Biz olduqca qısa vaxtda müasir, özünə arxalanan ölkə qurmuşuq. Gələcəyimiz üçün isə planlarımız çoxdur. Gələn illər ərzində siyasi islahatlar gündəliyimizdəki əsas məsələlərdən biri olacaqdır. Biz daha çox işləməliyik, daha çox islahatlar həyata keçirməliyik. Əminəm ki, ATƏT və digər beynəlxalq təsisatlar qarşısında götürdüyümüz öhdəliklər və apardığımız əməkdaşlıq planlaşdırdığımız bütün işləri icra etməyə imkan yaradacaqdır.

Əlbəttə ki, siyasi islahatlar cəmiyyətimizdə olduqca müsbət mühit yaradır. Siyasi vəziyyət sabitdir, proqnozlaşdırılandır. Bunun sayəsində biz gələcəyimizi elə planlaşdırırıq ki, müasirləşməyə nail olaq və Azərbaycanı dünyanın inkişaf etmiş ölkəsinə çevirək”.

Dövlət başçımız qeyd etmişdir ki, beynəlxalq təmaslarımız ümumi əməkdaşlıq baxımından mühüm rol oynayır. Eyni zamanda, bu münasibətlər milli maraqlarımızı daha yaxşı şəkildə müdafiə etməyə imkan yaradır. Bir sözlə, Azərbaycan çox fəal xarici siyasəti ilə seçilən ölkədir. Ölkəmizin çox aydın xarici siyasət prioritetləri vardır. Verdiyimiz vədlər həmişə gördüyümüz işlərlə üst-üstə düşür. Bu səbəbdən Azərbaycan hazırda etibarlı tərəfdaş sayılır, dost ölkələr, tərəfdaşlarımız buna görə bizə etimad göstərirlər. Bu, çox vacibdir. Çünki etimad elə bir şeydir ki, siz onu hər gün qurmalısınız. Yalnız bir səhv və ya yanlış addım bu etimadı məhv edə bilər. Buna görə də beynəlxalq ictimaiyyətin bir çox üzvləri, xüsusən Avropa ölkələri ilə fəal ikitərəfli münasibətlər bizim prioritetlərimizdən biridir. Bu sözləri həm də digər qitələrdə olan ölkələrə də şamil etmək olar.

Azərbaycan çoxsaylı mühüm beynəlxalq təsisatların üzvüdür. Biz bu üzvlüyü dünya ilə daha yaxşı əlaqələr qurmaq fürsəti kimi qəbul edirik. Biz Qoşulmama Hərəkatının, Avropa Şurasının, İslam Əməkdaşlıq Təşkilatının və bir çox digər beynəlxalq təşkilatların üzvüyük.