YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

TANAP layihəsi üzrə bu vaxtadək 2,5 milyard dollardan çox qənaət edilib

Trans-Anadolu qaz boru kəməri (TANAP) layihəsi üzrə son investisiya qərarının alındığı tarixdəki investisiya qoyuluşu bu vaxtadək 2,5 milyard dollardan çox qənaət edilməklə 9,2 milyard dollara geriləyib.

Bu barədə TANAP-ın baş direktoru Saltuk Düzyol məlumat verib. TANAP-ın baş direktoru qeyd edib ki, qlobal iqtisadiyyatdakı durğunluq ilə neft və əmtəə qiymətlərindəki ucuzlaşma layihəyə ciddi xərc üstünlükləri təmin edir.

O bildirib ki, layihə ən çox türkiyəli podratçılara və boru istehsalçısı şirkətlərin xeyrinə olub. Bu vaxtadək imzalanan 4,5 milyard dollar dəyərindəki müqavilələr üzrə TANAP-da görülən iş həcminin 80 faizi türkiyəli podratçılar və boru istehsalçıları tərəfindən reallaşdırılıb.

Qeyd edək ki, Xəzər dənizinin Azərbaycan sektorundakı “Şahdəniz-2” yatağından çıxarılan qazı Türkiyəyə və bu ölkədən Avropaya nəql edəcək TANAP-ın uzunluğu (19 kilometri Mərmərə dənizindən keçməklə) ümumilikdə 1850 kilometr olacaq. Boru kəməri Türkiyənin Gürcüstanla sərhədindəki Ardahan vilayətinin Posof mahalından başlayaraq 21 vilayətdən keçməklə qardaş ölkənin Yunanıstanla sərhədindəki Ədirnə vilayətinin İpsala qəsəbəsinədək uzanacaq. TANAP-ın 2018-ci ildə istismara verilməsi planlaşdırılır. TANAP-la Avropaya 10 milyard, Türkiyəyə isə 6 milyard kubmetr Azərbaycan qazının nəqli nəzərdə tutulur. Boru kəmərinin ötürücülük qabiliyyətinin gələcəkdə illik 24 milyard kubmetrə, daha sonra isə 31 milyard kubmetrə çatdırılması planlaşdırılır. TANAP layihəsinin ümumi dəyəri 9,5 milyard dollar qiymətləndirilir. Layihədə 1,2 milyon ton ağırlığında ümumilikdə 150 min polad boru istifadə olunacaq.

TANAP Cənubi Qafqaz Boru Kəmərindən (CQBK) alacağı təbii qazı 2020-ci ilin əvvəlindən etibarən “Trans-Adriatik” (TAP) qaz boru kəmərinə qoşularaq Yunanıstan, Albaniya və İtaliyadan keçməklə Avropaya çatdıracaq.

TANAP-ın səhmdarlarının bu layihədə payı belədir: “Cənub qaz dəhlizi” Qapalı Səhmdar Cəmiyyəti (QSC) - 58 faiz, “Botaş” - 30 faiz və BP şirkəti - 12 faiz.

 

DİGƏR Xəbərlər Arxiv