YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Partiya xəbərləri

YAP-ın təşəbbüsü ilə Lənkəranda “Multikultural dəyərlər və azərbaycançılıq” mövzusunda müşavirə keçirilib

Mayın 2-də  Yeni Azərbaycan Partiyasının təşəbbüsü ilə Lənkəran şəhərində Heydər Əliyev Mərkəzində “Multikultural dəyərlər və azərbaycançılıq” mövzusunda zona müşavirəsi keçirilib.

Tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər.

Müşavirədə geniş məruzə ilə çıxış edən Baş nazirin müavini, YAP Sədrinin müavini-icra katibi Əli Əhmədov bildirib ki, Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən 2016-cı il Azərbaycanda “Multikulturalizm ili” elan olunub. Bu istiqamətdə silsilə tədbirlər keçirilir.

Azərbaycanın dünyada özünü multikultural dövlət kimi tanıtdığını vurğulayan Baş nazirin müavini multikulturalizmin Azərbaycanda dövlət siyasətinin əsasını təşkil etdiyini diqqətə çatdırıb.

Əli Əhmədov qeyd edib ki, ölkəmizdə multikultural dəyərlərin insanların həyat tərzinə çevrilməsində zəngin təcrübə vardır: “Artıq bütün dünya multikulturalizmin və tolerantlığın Azərbaycan modelini qəbul etməkdədir. Son illər Azərbaycan çox sürətlə inkişaf edir. Bu inkişafın kökündə iqtisadi inkişaf dayanır. Prezident İlham Əliyevin apardığı müdrik siyasətin nəticəsi olan bu inkişafı təkcə paytaxt Bakıda deyil, ölkəmizin bütün bölgələrində, o cümlədən Lənkəranda da görmək olar.”

 Əli Əhmədov bildirib ki, ölkəmizdəki tolerantlıq mühiti əsasında duran amillərdən, ilk növbədə, siyasi sabitliyi, sosial və iqtisadi inkişafı qeyd etmək lazımdır. Prezident İlham Əliyevin apardığı doğru, düzgün və məqsədyönlü siyasət nəticəsində multikulturalizm Azərbaycanın dövlət siyasətinə, xalqımızın həyat tərzinə çevrilib.

“Azərbaycan milli dövlət olaraq təkcə özünün deyil, dünyanın qlobal problemlərinin həllində fəal iştirak edir. BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunun Bakıda keçirilməsi bunu bir daha aydın göstərdi.” –deyə, Baş nazirin müavini bildirib.

 Azərbaycanda sabitliyin, əmin-amanlığın, dincliyin və rahatlığın hökm sürdüyünü qeyd edən Əli Əhmədov bu sabitliyin qorunması üçün Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin siyasi, danışıqlar və dinc yolu ilə həllinə üstünlük verdiyini bildirib.

“Aprelin əvvəllərində cəbhə bölgəsində qoşunların təmas xəttində erməni silahlı birləşmələrinin törətdiyi təxribatla bağlı Azərbaycan Prezidentinin atəşkəsin bərpa olunması barədə təşəbbüsü bunu bir daha təsdiq etdi.

Aprelin əvvəllərində cəbhə bölgəsində baş verən hadisələr Azərbaycan vətəndaşlarında, xüsusilə gənclərdə vətənpərvərlik hissinin nə qədər güclü olduğunu göstərdi.”-deyə, Baş nazirin müavini qeyd edib.

Heydər Əliyevin müəllifi olduğu azərbaycançılıq məfkurəsinin inkişafımızın və birliyimizin əsasını təşkil etdiyini vurğulayan Əli Əhmədov partiya üzvlərini bu ideologiyaya sadiqli əməli işləri ilə doğrultmağa və siyasi həmfikirlərini Prezident İlham Əliyevin ətrafında daha da sıx birləşməyə çağırdı.

Lənkəran ŞİH-nin başçısı Taleh Qaraşov çıxışında bildirib ki, Ulu Öndər Heydər Əliyevin fəaliyyətində multikulturalizm ənənələrinə geniş yer verilir, azərbaycançılıq məfkurəsi əsas prinsip kimi irəli sürülürdü. Bu gün Lənkəranda Ümummilli Liderin ideyaları və siyasəti öz bəhrəsini verir. Milli mənsubiyyətindən asılı olmayaraq, burada yaşayan bütün vətəndaşlar özünü Azərbaycanın bərabərhüquqlu vətəndaşı hesab edir, möhtərəm Prezident İlham Əliyevin ətrafında sıx birləşiblər.

Zona müşavirəsində Milli Məclisin üzvləri Hadi Rəcəbli və Rəşad Mahmudov, Lənkəran Dövlət Universitetinin rektor əvəzi Nizami Yusubov, YAP Masallı rayon Gənclər Birliyinin sədri Məmmədhüseyn Hüseynov, Cəlilabad rayon Təhsil şöbəsinin müdiri Elminaz Nadirova, Biləsuvar rayonu Xırmandalı kənd tam orta məktəbinin direktoru Firudin Hüseynov, Yardımlı rayon Mədəniyyət və Turizm şöbəsinin müdiri Ayazxan Əliyev mövzu ilə bağlı çıxış ediblər.

Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri, YAP İcra katibinin müavini Mübariz Qurbanlı, Milli Məclisin aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov eləcə də, YAP-ın cənub bölgəsi üzrə rayon təşkilatlarının fəalları iştirak ediblər.

Azərbaycan Respublikası Baş nazirinin müavini, YAP Sədrinin müavini-icra katibi Əli Əhmədov müşavirənin sonunda  yekun nitq söyləyib.