YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İsveçrə rəsmiləri Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı həqiqətlər barədə məlumatlandırılıb

Azərbaycan Respublikası Milli Məclisinin sədr müavini Bahar Muradovanın rəhbərliyi ilə nümayəndə heyəti İsveçrənin Bern şəhərində işgüzar səfərdə olub.

Azərbaycanın İsveçrədəki səfirliyinin məlumatına görə, Milli Məclisin nümayəndə heyəti əvvəlcə İsveçrə parlamentinin yuxarı palatası olan Kantonlar Şurasının sədri Rafael Kont ilə görüşüb. Görüşdə Bahar Muradova aprelin əvvəlində Ermənistan və Azərbaycan silahlı qüvvələrinin təmas xətti boyunca baş vermiş döyüşlər, münaqişə zonasındakı hazırkı vəziyyət və Azərbaycanın dünya ictimaiyyətindən, o cümlədən İsveçrədən gözlədikləri barədə ətraflı məlumat verib.

R.Kont İsveçrənin hər zaman beynəlxalq hüququ dəstəklədiyini və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin də məhz beynəlxalq hüquq çərçivəsində həllinə tərəfdar olduğunu diqqətə çatdırıb.

Daha sonra tərəflər Azərbaycanla İsveçrə arasında siyasi, iqtisadi, mədəni, humanitar və digər sahələrdə, o cümlədən ölkələrin parlamentləri arasında əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparıblar.

Milli Məclisin nümayəndə heyətinin Kantonlar Şurasının xarici siyasət komitəsinin sədri Kristian Levra və üzvləri ilə görüşündə tərəflər bir daha Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, cəbhə bölgəsində baş verən son hadisələr, habelə iki ölkənin parlamentləri arasında əməkdaşlıq, o cümlədən müxtəlif beynəlxalq təşkilatların parlament ölçüləri çərçivəsində qarşılıqlı dəstək məsələlərini müzakirə ediblər.

Nümayəndə heyətinin İsveçrənin xarici işlər üzrə dövlət katibi İv Rosye ilə görüşündə Bahar Muradova dövlət katibini Ermənistan və Azərbaycan qoşunlarının təmas xətti boyunca baş vermiş son hadisələr, onların baş vermə səbəbləri, münaqişə zonasındakı cari vəziyyət barədə məlumat verib. O, aprelin 5-də Ermənistan və Azərbaycan silahlı qüvvələrinin baş qərargah rəisləri arasında bağlanmış atəşkəs razılaşmasının çox kövrək olduğunu, hər gün Ermənistan tərəfinin Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini atəşə tutmaqda davam etdiyini və bu təxribatların davam edəcəyi təqdirdə Azərbaycan tərəfinin də buna cavab vermək hüququnun olduğunu qeyd edib.

İ.Rosye İsveçrənin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq və beynəlxalq təşkilatların qəbul etdikləri sənədlər çərçivəsində həllini dəstəklədiklərini, tərəflərin arzu etdikləri təqdirdə münaqişənin həlli üçün öz vasitəçilik xidmətlərini təqdim etməyə hazır olduqlarını diqqətə çatdırıb.

Daha sonra İsveçrə parlamentinə son seçkilərdən sonra yenidən yaradılan Azərbaycanla dostluq qrupunun inauqurasiya mərasimi keçirilib. Qrupun əvvəlki tərkibdə sədri, Kantonlar Şurasının sabiq üzvü Kristina Eqerzeqi-Obrist qrupun yeni sədri Filippo Lombardi və sədr müavini Tyerri Burkharda uğurlar arzulayıb. Onlar da öz növbəsində bu qrupu təsis etmək və ona rəhbərlik etməkdən qürur duyduqlarını bildiriblər. On bir üzvdən ibarət yeni qrupun təsis edilməsini alqışlayan B.Muradova Azərbaycanın dostları olaraq qrupu fəallığa, müxtəlif çoxtərəfli formatlarda qarşılıqlı dəstəyə və özünün rəhbərlik etdiyi İsveçrə ilə dostluq qrupu ilə intensiv əməkdaşlığa çağırıb. O, həmçinin qrupu Azərbaycana səfər dəvət edib.

Səfər çərçivəsində Milli Məclisin nümayəndə heyəti İsveçrədə yaşayan, çalışan və təhsil alan həmyerlilərimiz, habelə türk diasporunun rəhbərləri ilə də görüşüb. Görüşdə Azərbaycan və türk diaspor nümayəndələri ölkəmizin inkişafı, İsveçrə ilə münasibətlər və son günlər Ermənistan və Azərbaycan silahlı qüvvələrinin təmas xətti boyunca baş verən hadisələr barədə ətraflı məlumatlandırılıblar. Bu xüsusda, diasporumuzun fikir və təklifləri dinlənilib, onlara daha fəal olmağa, İsveçrə cəmiyyətinə daha sıx inteqrasiya etməklə, eyni zamanda, Azərbaycanın haqq səsini yorulmadan yerli ictimaiyyətə çatdırmağa dair tövsiyələr verilib.

Səfərin sonunda Milli Məclisin sədr müavini B.Muradova İsveçrənin kütləvi informasiya vasitələrinə geniş müsahibə verib. Müsahibələrdə əsas diqqət aprelin 2-də Ermənistan tərəfindən silahlı qüvvələrin təmas xəttində törədilmiş təxribatlara ayrılıb.