YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Vilmars Xeninş: Latviya Seymin deputatının Dağlıq Qarabağa qeyri-qanuni səfəri ilə əlaqədar Azərbaycanın mövqeyinə şərikdir

Aprelin 15-də Latviya Xarici İşlər Nazirliyində XİN-in ikitərəfli əlaqələr üzrə 1-ci departamentinin direktoru Vilmars Xeninş ilə Azərbaycanın Latviyadakı səfirliyinin müşaviri Gəray Muradovun görüşü olub.

Görüşdə G.Muradov aprelin 2-də Dağlıq Qarabağda qoşunların təmas xəttində vəziyyətin kəskinləşməsi barədə latviyalı həmkarına məlumat verib. Qeyd edilib ki, aprelin 5-də atəşin dayandırılması barədə razılaşma elan edilməsinə baxmayaraq, erməni tərəfi qoşunların bütün təmas xəttində həmin razılaşmanı daim pozur.

G.Muradov bildirib ki, həlak olmuş Azərbaycan əsgərlərinin cəsədlərinin erməni hərbçilər tərəfindən təhqir edilməsi barədə Azərbaycan Müdafiə Nazirliyinin əlində sübutlar var.

Səfirliyin müşaviri Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın mülki əhalisinin qətlə yetirilməsi barədə Azərbaycan Ombudsmanının bəyanatını V.Xeninşə təqdim edib. Bəyanatda deyilir ki, Azərbaycan yaşayış məntəqələrinin atəşə tutulması nəticəsində dinc sakinlər, o cümlədən qadınlar, uşaqlar və yaşlılar həlak olub və yaralanıb.

Azərbaycanlı diplomat Azərbaycanın işğal edilmiş ərazilərində qanunsuz iqtisadi və digər fəaliyyətin həyata keçirilməsi barədə məlumatlar təqdim edib. Diqqətə çatdırılıb ki, görülmüş işlər və dünya ictimaiyyətinin məlumatlandırılması nəticəsində Azərbaycanın işğal edilmiş ərazilərində bir sıra hüquqi şəxslərin qanunsuz fəaliyyətinin qarşısı alınıb.

Latviya XİN departamentinin direktoru Vilmars Xeninş deyib ki, onun ölkəsinin xarici siyasət idarəsi öz vətəndaşlarına Azərbaycanın işğal edilmiş ərazilərinə səfərlərdən imtina etməyi tövsiyə edir və şəxsi səfərlər Dağlıq Qarabağ məsələsində Latviyanın rəsmi mövqeyini əks etdirmir. G.Muradov Latviya Seyminin deputatı S.Potapkinin Dağlıq Qarabağa qeyri-qanuni səfəri ilə əlaqədar Azərbaycan XİN-in rəsmi notasını təqdim edib.

V.Xeninş bu səfərlə əlaqədar Azərbaycanın mövqeyi ilə həmrəy olduğunu bildirərək vurğulayıb ki, Dağlıq Qarabağ məsələsində Latviyanın mövqeyi dəyişməz qalır. Diplomat bildirib ki, Latviya Azərbaycanın ərazi bütövlüyünü həmişə dəstəkləyib.

V.Xeninş diqqətə çatdırıb ki, Latviya Azərbaycan XİN-in Seymin deputatının Dağlıq Qarabağa qeyri-qanuni səfəri barədə notası ilə əlaqədar öz rəsmi mövqeyini təsdiq edəcək.