YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İsveçdə yaşayan Azərbaycan icmasının nümayəndələri ilə görüş keçirilib

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı İsveçə səfəri çərçivəsində Azərbaycanın bu ölkədəki səfirliyində aparıcı diaspor təşkilatlarımızın rəhbərləri və nümayəndələri ilə görüşüb.

Azərbaycanın İsveçdəki səfiri Adış Məmmədov Mübariz Qurbanlının İsveçə səfəri və keçirdiyi görüşlər haqqında məlumat verərək, bu səfərin ölkəmizdəki tolerant, multikultural mühitin və dövlətin din sahəsindəki siyasətinin təbliği baxımından mühüm əhəmiyyət kəsb etdiyini bildirib. Sonra səfir İsveçdəki Azərbaycan diasporunun fəaliyyəti haqqında danışıb.

Mübariz Qurbanlı görüşdə çıxış edərək Azərbaycanda dövlət-din münasibətləri və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin fəaliyyəti ilə bağlı məlumat verib. O, Azərbaycanın müxtəlif mədəniyyətlərin qovuşduğu mühüm bir coğrafi məkanda yerləşdiyini, dini dözümlülüyə və böyük mədəniyyətə malik ölkə olduğunu vurğulayaraq ölkəmizdə müxtəlif millətlərin, mədəniyyətlərin və dinlərin nümayəndələrinin dinc şəkildə yaşaması üçün dövlət tərəfindən bütün zəruri şəraitin yaradıldığını bildirib.

Son günlər Ermənistanın təxribatı nəticəsində qoşunların təmas xəttində baş vermiş hadisələrdən söhbət açan komitə sədri Azərbaycan ordusunun qısa müddətdə torpaqlarımızı erməni işğalından təmizləməyə qadir olduğunu söyləyib. O, Prezident, Ali Baş Komandan İlham Əliyevin ətrafında daha sıx birləşərək Vətənin müdafiəsinə qalxan Azərbaycan xalqının torpaqlarımızın bir qarışını da işğal altında qoymayacağına əminliyini ifadə edib.

Xarici ölkələrdə yaşayan azərbaycanlıların dövlətimizin başçısının daim diqqət mərkəzində olduğunu bildirən M.Qurbanlı diasporun daha fəal olması, siyasi baxışlarından asılı olmayaraq xaricdəki azərbaycanlıların azərbaycançılıq ideologiyası ətrafında sıx birləşməsi üçün Azərbaycan dövlətinin lazım olan bütün dəstəyi verdiyini və bundan sonra da verəcəyini bildirib. Son günlər məlum hadisələrlə bağlı Avropanın müxtəlif şəhərlərində azərbaycanlılar, o cümlədən İsveçdə yaşayan soydaşlarımız tərəfindən ölkəmizə dəstək aksiyalarının keçirilməsini və azərbaycanlı gənclərin Vətənin müdafiəsi üçün hazır olmaları ilə bağlı müraciətlərini xatırladan komitə sədri bunun təqdirəlayiq hal olduğunu vurğulayıb.

Azərbaycanın İsveçdəki diasporunun nümayəndələri bu görüşü yüksək qiymətləndiriblər. Onlar Azərbaycan və azərbaycançılıq naminə bundan sonra da fəal mübarizə aparacaqlarını, lazım gələrsə Vətəni əllərində silahla da müdafiə etməyə hazır olduqlarını bildiriblər. Qeyd ediblər ki, Prezident İlham Əliyevin siyasəti Azərbaycandan kənarda yaşayan həmvətənlərimiz tərəfindən birmənalı olaraq müdafiə olunur.