YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Qırğızıstanla Azərbaycan arasında əməkdaşlığın daha da inkişafı məsələləri müzakirə edilib

Azərbaycanın Qırğızıstandakı səfiri Hidayət Orucov Qırğızıstan Prezidenti Aparatı rəhbərinin müavini, Beynəlxalq əlaqələr şöbəsinin müdiri Sapar İsakovla görüşüb.

Görüşdə son günlər Dağlıq Qarabağda Ermənistanın təxribatları və Azərbaycanın cavab tədbirləri görməsi ilə bağlı geniş fikir mübadiləsi aparılıb.

S.İsakov Dağlıq Qarabağda atəşkəs rejiminin pozulmasından narahat olduğunu bildirib.

H.Orucov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı Azərbaycanın təşəbbüsləri haqqında məlumat verib. Diplomat deyib ki, danışıqlar Azərbaycanın ərazi bütövlüyü və suverenliyi çərçivəsində aparılıb, bundan sonra da məhz bu istiqamətdə aparılacaq. Onun sözlərinə görə, Ermənistanın qeyri-konstruktiv mövqeyi danışıqlar prosesini pozur, bu da sülh prosesinə mane olur.

Səfir son günlər qoşunların təmas xəttində baş verən gərginliyin növbəti belə addım olduğunu qeyd edib.

Səfir qeyd edib ki, indiyədək Dağlıq Qarabağ və ətrafdakı yeddi rayon Ermənistan silahlı qüvvələrinin işğalı altındadır, bu da Azərbaycan ərazisinin 20 faizi deməkdir, bir milyondan artıq qaçqın və köçkün ölkəmizin müxtəlif rayonlarında məskunlaşıb.

Bildirilib ki, BMT Təhlükəsizlik Şurası Dağlıq Qarabağın və ətraf rayonların işğaldan azad olunması ilə bağlı dörd qətnamə qəbul edib, amma bu günədək Ermənistan tərəfindən bu sənədlər yerinə yetirilmir.

Səfir vurğulayıb ki, Azərbaycan bu münaqişənin sülh yolu ilə həll olunmasının tərafdarıdır amma biz öz ərazi bütövlüyümüzü qoruyuruq, işğalçı qoşunlar Azərbaycan ərazisini tərk etməyincə, təcavüzə qarşı hər vasitə ilə mübarizə aparılacaq. Aprel ayının 2-dən 5-dək Ermənistan bizim hərbi gücümüzün şahidi olub.

Görüş zamanı Azərbaycanla Qırğızıstan arasında əlaqələrin genişləndirilməsi ilə bağlı məsələlər də müzakirə olunub. Qeyd olunub ki, Azərbaycan və Qırğızıstanın dövlət başçıları İlham Əliyev və Almazbek Atambayevin dostluq münasibətləri əlaqələrimizin inkişafına təkan verir.

Sapar İsakov vurğulayıb ki, Azərbaycan və Qırğızstan xalqları qardaş xalqlardır və ölkələrimiz arasında münasibətlər daimi olaraq inkişaf etməkdədir. O son illər ölkələrimiz arasında əməkdaşlığın inkişafında Azərbaycanın Qırğızstanda səfirliyinin rolunu xüsusi qeyd edib.

S.İsakov Azərbaycanın uğurları haqqında söhbət açıb, ölkələr arasında müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsi, xüsusilə iqtisadi sahədə birgə layihələrin həyata keçirilməsində Qırğızstan tərəfinin maraqlı olduğunu vurğulayıb.

S.İsakov 2016-cı ilin sentyabr ayının 3-dən - 10-dək İssık-Kulda İkinci Dünya Köçərilər Oyunlarının keçirilməsi haqqında da məlumat verib.

Səfir bildirib ki, münasibətlərimizin inkişafı dövlət başçılarımızın maraq dairəsindədir. Birinci Dünya Köçərilər Oyunlarında olduğu kimi, Azərbaycan bu yarışlarda da böyük nümayəndə heyəti ilə iştirak edəcək.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə olunub.