YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Corciya Texnologiya Universitetində Azərbaycanın qlobal enerji təhlükəsizliyinə töhfəsi müzakirə olunub

ABŞ-ın aparıcı və tanınmış təhsil ocaqlarından olan Corciya Texnologiya (Georgia Tech) Universitetinin Səm Nan Beynəlxalq Əlaqələr İnstitutunda "Avropa və Avrasiyada dəyişən enerji landşaftı: Yeni təhdid və imkanlar" adlı konfrans keçirilib.

Konfransda əsas məruzəçi qismində çıxış edən ABŞ-dakı səfirimiz Elin Süleymanov dünya enerji xəritəsində yer alan ilk ölkələrdən biri kimi müstəqillik illərində Azərbaycanın bu sahədə əhəmiyyətli rolundan danışıb. O, Azərbaycan müstəqilliyini bərpa etdikdən bir neçə il sonra ümummilli lider Heydər Əliyevin qətiyyəti və uzaqgörənliyi sayəsində gündəmə gətirilmiş və reallığa çevrilmiş Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz boru kəmərlərinin Xəzər dənizi hövzəsi ilə Aralıq dənizi arasında körpü yaradaraq dünya enerji xəritəsini dəyişdiyini və bundan əlavə, Azərbaycan, Türkiyə və Gürcüstan arasında könüllü və olduqca uğurlu tərəfdaşlığın başlanğıcı olduğunu deyib.

Diplomat bildirib ki, bu tərəfdaşlığın davamı Avropa enerji təhlükəsizliyinin təmin olunmasında olduqca vacib rol oynayacaq 45 milyard ABŞ dolları dəyərində olan irimiqyaslı “Cənub Qaz Dəhlizi” layihəsinin yerinə yetirilməsində də öz əksini tapıb. “Cənub Qaz Dəhlizi”nin vacib hissəsi olan Trans-Anadolu qaz boru kəməri (TANAP) layihəsi üzrə razılaşma məhz Azərbaycan və Türkiyə rəhbərliyinin şəxsi təşəbbüsü və liderliyi sayəsində mümkün olub.

Səfir, həmçinin “Cənub Qaz Dəhlizi”nin önəmini, onun Avropa coğrafiyasını dəyişdiyini vurğulayıb və hazırda bu layihənin həyata keçirilməsi üzrə daha ətraflı məlumatı konfrans iştirakçılarına təqdim edib.

E.Süleymanov Bakı-Tbilisi-Qars dəmir yolu xətti və Yeni İpək Yolu, eləcə də Azərbaycanda bununla bağlı irimiqyaslı infrastruktur tikintisi barədə də məlumat verib.

Səfir Dağlıq Qarabağda qoşunların təmas xəttində bir neçə gün əvvəl baş vermiş gərginlikdən danışaraq, Ermənistan tərəfinin cəbhədə bu təxribatının məhz Azərbaycan Prezidenti İlham Əliyevin ABŞ-da olduğu uğurlu səfərdən qayıdarkən həyata keçirməsinin heç də təsadüfi olmadığını, rəsmi Yerevanın dəfələrlə belə addıma əl atmasını bildirib. Diplomat qeyd edib ki, həll olunmamış bu münaqişə bütün regionun sülh və sabitliyini böyük təhlükə altında saxlayır və eyni zamanda, Ermənistanı da regionun normal üzvü kimi integrasiya etməkdən məhrum edir. Bunun üçün isə Azərbaycan torpaqlarının işğalına son qoyulmalıdır.

Çıxışından sonra səfir iştirakçıların suallarını cavablandırıb.

Konfransda iştirak edən Atlantik Şurası Analitik Mərkəzindən Bad Kut (Bud Coote), “Chevron” şirkətinin beynəlxalq hökumət əlaqələri meneceri Cey Tompson (Jay Thompson), Səm Nan Beynəlxalq Əlaqələr İnstitutunun professorları Adam Stalberq (Adam Stulberg) və Alasdayr Yanq (Alasdair Young) dünya enerji bazarında Azərbaycanın rolunu müzakirə ediblər. Müzakirələr zamanı Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin dünyada enerji təhlükəsizliyi baxımından nümunəvi layihə olduğu vurğulanıb.

E.Süleymanov, həmçinin Amerika Yəhudi Komitəsinin üzvləri ilə görüşüb. Görüş zamanı o, Azərbaycanın regionda rolu və ölkəmizdə mövcud olan tolerantlığın çoxəsrlik ənənəsindən danışıb.