YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Elman Nəsirov: ATƏT-in Minsk qrupunun qətiyyət göstərməsinin vaxtı gəlib çatıb

«Bu gün dünyada “güclü haqlıdır” məntiqinin işlədiyini nəzərə alaraq, davamlı şəkildə güclənmək xəttimizi daha da möhkəmləndirməliyik. Yalnız bu halda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli missiyasını üzərinə götürən ATƏT-in Minsk qrupunun ədalətin bərpasına yönəlik siyasətinin formalaşmasının şahidi ola bilərik. Hal-hazırda isə bu qrumun fəaliyyəti sanki münaqişəni həll etməyə deyil, onun müharibəyə çevrilməsinin qarşısını almağa yönəlmişdir». Bu fikirləri yap.org.az saytına Milli Məclisin deputatı, politoloq Elman Nəsirov deyib.

E.Nəsirov bildirib ki, 1992-ci ilin mart ayında yaradılmış və münaqişənin tənzimlənməsində vasitəçi missiyasını yerinə yetirən ATƏT-in Minsk qrupu permanent atəşkəsdə israrlıdır. Ermənistan da eyni müvəffəqiyyətlə  həmin israrları  davamlı olaraq qulaqardına vurmaqda davam edir.

 «Obyektivlik naminə onu da qeyd edək ki, Ermənistan-Azərbaycan silahlı qüvvələrinin təmas xəttində baş vermis son hadisələr ATƏT-in Minsk qrupunu da hərəkətə gətirmişdir. Bu prosesdə həmsədrlərdən biri olaraq Rusiya daha fəal siyasət yerinə yetirir. Eyni zamanda, son hərbi əməliyyatların bu qrupun onsuz da xeyli zəifləmiş imicinə növbəti ağır zərbə olduğunun da fərqindədirlər. Artıq yeni reallıqda iki yol vardır. Ya ATƏT-in Minsk qrupu indiyədək davam etdirdiyi passiv vasitəçilik missiyasından imtina edib, münaqişənin həlli ilə bağlı yaranmış yeni şəraiti düzgün qiymətləndirərək fəal tənzimlənmə hərəkətlərinə keçməlidir və bu prosesə ilkin olaraq özündə islahatlarla başlamalıdır, ya da uğursuzluğunu etiraf edib, özünü buraxmalıdır. Zənnimizcə, 24 illik fəaliyyətindən (fəaliyyətsizliyindən) sonra ATƏT-in Minsk qrupunun  yuxarıda göstərdiyimiz hər hansı yolu seçməsindən asılı olmayaraq qətiyyət göstərməsinin vaxtı gəlib çatmışdır»- deyə, E.Nəsirov qeyd edib.